Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədov növbəti dəfə ürək əməliyyatı olunub.
Ürəyində yaranmış problemdən əziyyət çəkən sabiq icra başçısı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.
Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya məlumatı təsdiq edib. Vəkil bildirib ki, müvəkkilinin təcili olaraq əməliyyat olunma zərurəti yarandığı üçün müalicə müəssisəsindən Bakı Sağlamlıq Mərkəzinə köçürülüb: "Həkimlərin rəyinə əsasən vəziyyəti qənaətbəxş deyil".
Qeyd edək ki, sabiq icra başçısı bundan əvvəl iki dəfə Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib./APA/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?