Hər güclü bir kişinin arxasında, güclü bir qadın dayanır. Bu cümlə artıq bir klişeyə çevrilib.
Əfsuslar olsun ki, bu sözləri yuxarıdakı fotoda əks olunan qadına şamil etmək olmur... “Gündəm Xəbər” bildirir ki, big.az-ın redaksiyasına oxucular tərəfindən göndərilib. Gördüyü mənzərədən yüngül affekt hal keçirən oxucu, şəkillərə belə şərh verib:
"Ötən gün belə bir hadisənin şahidi oldum. Küçədə bir kişi ayağını qaldırmışdı. Şəkildə gördüyünüz qadın isə müticəsinə onun ayaqqabılarını təmizləyib, şalvarını qaydaya salırdı. Ardınca kişi yüksək səslə, amiranə tərzdə " İndi o birisini!” – deyə, qadına digər ayağını silməyə göstəriş verdi”.
Bəli, qadın-kişi münasibətləri bütün dövrlərdə və cəmiyyətlərdə həssas və aktual mövzu olaraq qalmaqdadır. Yəni heç kimə sirr deyil ki, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə, qadına yanaşma fərqlidir.
Əvvəllər Azərbaycanda qadın-kişi bərabərsizliyi haqqında müzakirələrə cəmiyyətin problemi, çatışmazlığı kimi yanaşardım. Amma son illər belə qənaətə gəlmişəm ki, bu problemi, ümumiləşdirib, cəmiyyətin çatışmazlığı, qüsuru kimi qabartmaq heç də doğru deyil. Əlbəttə, bu danılmazdır ki, hətta inkişaf etmiş ölkələrdə belə qadınlar təcavüzə, cinayətə, şiddətə məruz qalır.
Bu məsələnin bir tərəfi. Digər tərəfdən isə etiraf etməliyik ki, dünyanın elə ölkələri var ki, el dili ilə desək, biz onların yanında toya getməliyik... Yəni zənnimcə, qadın özü imkan verməməlidir ki, onu evdə və cəmiyyətdə- iş yerində, dost-tanış, qohum-əqraba içində - bacarıqsız, qorxaq, ağlı dayaz kimi qəbul etsinlər. Qadın ilk növbədə özünə hörmət etməli, dəyər verməli, daim inkişafı naminə öz üzərində çalışmalıdır. Ki, güclü cinsin nümayəndəsi də onun dəyər və qiymətini bilsin. Çətinliklə üzləşəndə, ağıllı qadınından məsləhət alsın, ona güvənsin. Əfsuslar olsun ki, Azərbaycanda əksər qadınların özləri haqqında formalaşdırdığı yanlış rəy nəticəsində digərləri bunun qurbanına çevrilir. Qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırır, onlara edilən anormal rəftarları normal qarşılayırlar. Bəzən olur ki, Azərbaycan qadını hətta həyatı ilə bağlı önəmli qərarı özü belə verə bilmir, fikir söyləmək hüququndan məhrum edilir. Çünki ona kimdənsə asılı vəziyyətdə yaşamaq daha rahatdır... Ailə qurmazdan öncə bu qərarları atası verir. Evlilik həyatında isə özünü ondan dəfələrlə ağıllı hesab edən əri... Çünki qadın bu vəziyyətə özü rəvac verib.
Yəni hər bir qadın ona veriləcək dəyəri, özü müəyyən edir. Odur ki, gözəl qadın olmaq kifayət etmir. Gözəl qadın olub, lakin həyat yoldaşınız tərəfindən aşağılanırsınızsa, bəlkə günahı qarşı tərəfdə deyil, özünüzdə axtarasınız?! Bu haqda düşünməyə dəyər.
Sorğu
Yeni dizaynımız necədir?