Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən biri az bal toplamasının səbəbini nəzarətçinin qısa geyimdə olması ilə əlaqələndirib. 200 bal yığan abituriyent hesab edir ki, nəzarətçinin geyimi onun fikrini yayındırdığından suallara cavab tapa bilməyib. Bu məsələ ötən həftənin ən çox müzakirə olunan mövzusu idi.
Bəs imtahan nəzarətçilərinin geyimi necə olmalıdır?
“gundemxeber.az”ın məlumatına görə, təhsil eksperti Nadir İsrafilov “AzVision.az”a bildirib ki, müəllimlərin və ya nəzarətçilərin forma məsələsi daim gündəmdədir.
“Bu məsələ dəfələrlə gündəmə gətirilib. Hüquq-mühafizə orqanlarının işçiləri, həkimlər, stüardessaların vahid geyim formaları var. Hətta meşəbəyinin də forması var. Sovet dönəmində şagirdlərin məktəbli forması diqqət mərkəzində idi, sonra bu məsələ gündəmdən çıxdı. Lakin yenidən aktuallaşdı və şagirdlər üçün yeni forma sisteminə keçildi. İndi müəllimələrə də vahid forma tətbiq olunmalıdır”.
Nəzarətçilərin diqqətçəkən geyimlərinə gəlincə, ekspert bildirib ki, abituriyentin dedikləri real görünmür. “Minlərlə nəzarətçi olur, hər il tərkibi dəyişir. Bunların maliyyə məsələsi də var. Bu hansısa səviyyədə qaldırılmalıdır. Amma etika mədəniyyət qaydalarında sərhədlər gözlənilməlidir. Keçmiş təhsil naziri Lidiya Rəsulovanın vaxtında optimal qərar qəbul edilmişdi ki, aşağı hissə tünd, yuxarı hissə açıq rəngdə geyimlər geyinilməlidir. DİM heç bir maliyyə cəlb etmədən təklif verə bilər ki, müəllimələr klassik formada geyinsinlər. Müəllimələr geyimlərinə diqqətlə yanaşmalıdırlar. Bəzi məktəblərdə müəllimələr dərsdən çox geyimlərini nümayiş etdirirlər”.
Dövlət İmtahan Mərkəzindən “AzVision.az”ın sorğusuna cavab olaraq bildirilib ki, hər bir imtahandan öncə müəllimələr üçün təlim-seminarlar keçirilir. “Seminarlarda nəzarətçilərə imtahan qaydaları barədə ətraflı məlumat verilməklə yanaşı, yaddaş kitabçası və nəzarətçi vəsiqəsi təqdim edilir. Bundan əlavə nəzarətçilər üçün video-çarx nümayiş etdirilir. Təlimlərdə nəzarətçilərə mütləq tapşırılır ki, imtahana diqqəti cəlb etməyən geyimlərdə gəlsinlər və dikdaban ayaqqabı geyinməsinlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?