Böyük Vətən Müharibəsi zamanı faşizm üzərində qələbənin 72-ci ildönümü Göyçay rayonunda da qeyd edilib. Mayın 9-da Qələbə günü münasibətilə “AzNar” QSC-nin rəhbər şəxsləri Göyçay şəhərində, Xəlitli və Qarayazı kəndlərində yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını öz evlərində ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıblar, veteranlara can sağlığı arzulayıblar. “Gündəm Xəbər” bildirir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədovun təşəbbüsü ilə veteranlarla keçirilən görüşdə onların hər birinə 1000 manat pul mükafatı və “AzNar” zavodunun istehsal etdiyi meyvə şirələri təqdim olunub. Şirkətin rəhbər şəxsləri Böyük Vətən Müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan oğullarının tarixi şücaətlərinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırıblar. Müharibə iştirakçıları Salman Mürsəlov, Oruc Bəyalıyev və Rəşid Qasımov bayram günü münasibətilə hər il onlara göstərdiyi diqqət və qayğıya görə “AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədova minnətdarlıq ediblər. Məlumat verilib ki, “AzNar” QSC tərəfindən ötən il 9 may-Qələbə günü münasibətilə hər bir müharibə iştirakçısına 500 manat pul mükafatı və ərzaq məhsulları verilmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?