Azərbaycanda bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 90.616 abituriyent sənəd verib.
gundemxeber.az bildirir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, bu il ümumilikdə ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verib. Onların 29.359 nəfəri I, 20453 nəfəri II, 18739 nəfəri III, 5125 nəfəri isə IV ixtisas qrupuna ərizə verib.
Bu il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 61760 nəfəri iyulda keçiriləcək 2-ci qəbul imtahanlarında iştirak edəcək.
Bu il abituriyentlərin 39831 nəfəri V ixtisas qrupu üzrə ali məktəblərə, 45501 nəfəri orta ixtisas təhsili müəssisələrinə sənəd verib.
Mərkəzdən Trend-ə bildirilib ki, bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin sayında ötən ilə nisbətən azalma qeydə alınıb.
Bu il yalnız ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verdiyi halda, ötən il bu rəqəm 82 448 nəfər olub.
Azalmanın əsas səbəblərindən biri builki 11-ci sinif məzunlarının sayının ötən ilə nisbətən təqribən 3000 nəfər az olmasıdır. Belə ki, ötən il 11-ci sinif məzunlarının sayı 87 min nəfərdən çox olduğu halda, bu il onların sayı 84 min nəfərdən çox olacaq:
"Təbii ki, bu da sənəd verənlərin sayına təsir göstərib. Amma ümumilikdə isə bu il sənəd verənlərin sayını elə də az hesab etmək olmaz".
Qeyd edək ki, mayın 22-də 2-ci qəbul imtahanında iştirak etmək üçün elektron ərizə qəbulu başa çatıb.
Sorğu
Yeni dizaynımız necədir?