Danışıqların davamını istəyənlər öncə işğalçı qüvvələrin torpaqlarımızdan çıxarmasını təmin etməlidir
Prezidenti İlham Əliyev 2017-ci ilin birinci yarısı ilə bağlı Nazirlər Kabinetinin son toplantısındakı çıxışında növbəti dəfə Azərbaycanın Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyini bütün dünyaya bəyan etdi.
Əslində dövlət başçısının bu mövqeyi ilk növbədə Azərbaycan və Ermənistanı danışıqlar masası arxasına gətirmək istəyən çevrələrə yönəlib. Azərbaycan prezidenti son bəyanatı ilə işğalçı Ermənistana və onun havadarlarına mesaj verdi ki, mövcud şərtlər daxilində danışıqlar masasına qayıtmağın heç bir mənası yoxdur və irəliləyiş yalnız ərazilərin işğalına son verildiyi halda mümkün olacaq. Ölkə rəhbəri xatırladıb ki, münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistan hər zaman təxribata əl atır.
İlham Əliyev bildirib ki, bunu illər öncə Ermənistan parlamentində baş verən terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının ordumuz tərəfindən layiqincə alınması da təsdiqləyir. Ötən ay törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir hərbçisinin şəhid olduğunu, lakin Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavab verdiyini deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunun Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdiyi deyib: “Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, Zəhranın və nənəsinin qanı yerdə qalmadı”. Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma referendum dünya birliyi və beynəlxalq birliklər tərəfindən tanınmayıb: “Bununla da beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib. Bundan əlavə, ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”. Prezident qeyd edib ki, ötən ilin aprelində baş verən hadisələrdən sonra Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib.
Ölkə başçısının bu sözləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də bir mesaj sayıla bilər ki, onlar fəaliyyətsizliklərinə son verib hərəkətə keçsinlər, işğala son verməsi üçün Ermənistana təzyiq etsinlər. Bu fikirlər həm də danışıqların prezidentlər səviyyəsində davam etdirilməsi təşəbbüsləri qaldıranlara yönəlik mövqe sayıla bilər.
Qeyd edək ki, Azərbaycan prezidenti bundan öncə İstanbula səfəri zamanı qardaş ölkənin lideri R.T.Ərdoğan və ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşündə də rəsmi Bakının Qarabağ məsələsində dəyişilməz mövqeyini onların nəzərinə çatdırmışdı. Türkiyə prezidenti Azərbaycanla eyni mövqedə olduğunu bir daha bəyan etdi, ABŞ-ın dövlət katibi isə sözsüz ki, bir daha Bakının güzəştsiz Qarabağ siyasətindən hali oldu və həmsədr ölkənin bunu nəzərə alması gərəkdir.
Bu arada digər həmsədr ölkədən növbəti Qarabağ açıqlaması gəlib. Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bildirib ki, rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mütəmadi danışıqların aparılmasının tərəfdarıdır. “Bizim yanaşmamız belədir: biz dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıyıq. Buna görə xarici işlər nazirləri arasında bu yaxınlarda keçirilən görüşü alqışlayırıq. Dəfələrlə söyləmişik ki, münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsilə nizamlana bilər”, - deyə səfir qeyd edib (APA). Diplomatın sözlərinə görə, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, dövlət başçılarının görüşünün təşkil edilməsi zəruridir. “Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır” - səfir vurğulayıb.
XİN rəhbərlərinin son görüşü sözsüz ki, simvolik məna kəsb edirdi, bunu hər kəs bilir. Əsas məqsəd Azərbaycanın işğalçı Ermənistana Alxanlı qətliamının qarşısında sarsıdıcı zərbələr vurmasını əngəlləmək, gərginliyi səngitməkdir. Ancaq bir görüşlə gərginliyin aradan qaldırılmasının mümkün olmayacağını həmsədr ölkələr, cümlədən ATƏT rəhbərliyi yaxşı anlayır. Odur ki, xarici işlər nazirlərinin BMT Baş Assambleyası çərçivəsində bir araya gətirilməsinə cəhdlər göstərilir. Eyni zamanda prezidentlər səviyyəsində görüşün baş tutması üçün imkanlar axtarılır. Lakin reallıq budur ki, indiki şərtlər cinayətkar Ermənistan rəhbərliyi ilə görüşü istisna edir, çünki uşaq qatili olan Serj Sərkisyanın mövqeyində hər hansı dəyişiklik yoxdur. Elə Azərbaycan prezidentinin Alxanlı qətliamını törədən Ermənistan rejiminin hərbi cinayət törətdiyini deməsi, Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdiyini bildirməsi bir çox ünvanlara xitabdır. Ekspertlər də danışıqların perspektivini görmür.
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, prezident Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin mövqeyini kifayət qədər açıq və birmənalı ifadə edib:
“Azərbaycan danışıqların bərpası üçün heç bir ön şərti qəbul etməyib, Ermənistan aprel döyüşlərinin nəticələrini, silahlı qüvvələrimizin ən müasir hərbi texnika və silah-sursatla təmin olunmasını və digər amilləri həzm edib və danışıqlar masasına oturub. Yəni düşmənin Alxanlıda törətdiyi vəhşi cinayətə verilən tutarlı cavab bizim danışıqlar öncəsi mövqelərimizi möhkəmləndirib. Həm də bu cavab zərbəsi Ermənistanın hərbi kontingentinə vurulub. Bununla da Azərbaycan həm işğalçıdan nə qədər fərqləndiyini, həm mənəvi, həm də hərbi potensial baxımından üstün olduğunu ortaya qoyub. Prezident bir daha bəyan etdi ki, Azərbaycan işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilər. Zənnimcə, hər şey tamamilə aydındır. Bu mesaj işğalçı ölkəyə və işğalın davam etməsində məsuliyyət daşıyan dairələrə ünvanlanıb”.
Ekspertin sözlərinə görə, prezidentlərin görüşünün təşkil olunması həmsədrlərin təşəbbüsüdür: “Lakin xarici işlər nazirlərinin görüşündən də bəlli olur ki, bu barədə hər hansı razılıq əldə olunmayıb. Əldə olunan razılıq növbəti görüşün bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilməsi ilə bağlıdır. Çox güman ki, prezidentlərin görüşü barədə məsələ Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində keçiriləcək görüşdə müzakirə olunacaq. Son hadisələrdən sonra belə bir görüşün keçirilməsi bir çox məqamlara aydınlıq gətirə bilər. Vəziyyət əvvəlkindən çox fərqlidir. Ermənistan intensiv olaraq təxribatlar törədir, mülki şəxsləri, qadınları, uşaqları qətlə yetirir və təbii ki, belə olan şəraitdə Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün istənilən addımı atacaq. Yeni vəziyyət yeni yanaşmalar tələb edir. Əgər Ermənistan baş verənlərdən nəticə çıxarmayacaqsa, o zaman işğalçıya qarşı sərt tədbirlərin həyata keçirilməsi qaçılmaz olacaq. Azərbaycan isə sakitləşməyəcək. Dövlət başçısının səsləndirdiyi fikirlərdə də bu açıq-aşkar görünür. Düşünürəm ki, Ermənistan da, həmsədr ölkələr də bu reallığı tam olmasa da müəyyən qədər başa düşüblər”.
Bu ərəfədə Dağlıq Qarabağ sərhədlərində rus-erməni sərhədçilərinin birgə təlim keçirməsi nə məna daşıyır? İranın hücumu iddiası diqqəti Rusiyadan yayındırmağa xidmət edir, yoxsa başqa niyyət var? Rus qoşunu hansısa adla Dağlıq Qarabağa girə bilərmi?
E.Mirzəbəyli: “Əgər söhbət sərhədçilərin birgə təlimindən gedirsə, Rusiya tərəfi bu məsələ ilə bağlı verilən açıqlamada müvafiq düzəlişlər edib. İranın hücumu ilə bağlı yayılan məlumatlara isə heç psixi xəstəliyi olan insanları da inandırmaq mümkün deyil. Ermənistanla bağlı məsələdə rəsmi Tehranın mövqeyi Moskvadan bir o qədər də fərqlənmir. Fərq yalnız verilən bəyanatlarda nəzərə çarpır. Azərbaycan torpaqlarının işğalında və işğalın davam etməsində Rusiyanın iştirakı kimsəyə sirr deyil. Rusiyanın işğal altında olan Azərbaycan torpaqlarına açıq şəkildə müdaxiləsi isə münaqişənin ekskalasiyasına səbəb ola bilər. Bu isə təkcə Cənubi Qafqazın deyil, bütün Qafqazın və daha geniş ərazinin regional və qlobal güclərin birbaşa iştirakına zəmin yaradan münaqişə ocağına çevrilməsi deməkdir. Hazırda çoxsaylı münaqişələrlə üz-üzə qalan, dərin böhran keçirən Rusiyanın indiki reallıqlardan daha uzağa gedə biləcəyini düşünmürəm. Dünya Rusiyanın tarix boyu yararlandığı bəsit siyasi texnologiyaların kontrtexnologiyalarını çoxdan sınaqdan çıxarıb. SSRİ-nin süqutuna aparan yolda bu prosesin bir çox elementlərinə rast gəlmək olar. Artıq müharibələr vasitəsilə böhrandan çıxmaq zamanı geridə qalıb və əks effekt verir”.
Politoloq Arzu Nağıyev isə dedi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşlə bağlı bəyanatları hələ bu görüşün baş tutacağı demək deyil: “Bildiyiniz kimi, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Avstriyada görüşdülər və yenə də müsbət bir nəticə əldə edilmədi. Hətta görüşdən sonra verilən bəyanatlar göstərdi ki, tərəflər yenə də öz fikirlərini dəyişməyiblər, Ermənistan təkidlə status-kvonun saxlanmasına çalışır, Azərbaycan isə ərazi bütövlüyü çərçivəsində istənilən addımı atmağa hazır olduğunu bəyan edir. Son Alxanlı hadisəsi də bu görüşə heç də müsbət təsir etmədi. Əsas məqam ondan ibarət oldu ki, Ermənistanı təxribatçı kimi qəbul etdilər və bir daha təcavüzkar olduğunu bildirirlər. Məhz belə bir vəziyyətdə prezidentlərin görüşünü baş tuta biləcəyi inandırıcı deyil. Azərbaycan prezidenti cənab İlham Əliyev də dəfələrlə bəyan edib ki, görüşlər ancaq görüş naminə keçirilə bilməz. Yəni Azərbaycan tərəfi təbii ki, istənilən danışığa qatılmağa hazırdır, lakin şərtlərin nədən ibarət olduğu bəlli deyil”.
Politoloq onu da xatırlatdı ki, ATƏT-in Minsk Qrupu son bəyanatında ermənilərin təxribata əl atdıqları və dinc əhaliyə qarşı vəhşilik etdiklərini bəyan edib, lakin bunun müqabilində hansı addımların atılacağını bildirmədi: “Onların təmsil etdikləri dövlətlərin rəhbərliyi Ermənistana təzyiq mexanizmini işləməli və bunu bəyan etməlidirlər, bir sözlə, ikili standartlar artıq Azərbaycanı razı sala bilməz. Düşünmürəm ki, Azərbaycanı bu bəyanatlarla sakitləşdirmək mümkün olsun. Danışıqlardan real işə keçməyin vaxtı çoxdan çatıb. Hakimiyyəti zəbt edən hansısa səhra komandirlərindən ibarət bir qrupla, erməni quldurları ilə nə qədər danışıqlar aparmaq olar? Hətta görüşün keçirilməsi ilə bağlı böyük güclər tərəfindən təkidli tələblər olsa belə, Azərbaycan öz bəlli mövqeyindən çıxış edəcək”.
Beləcə, Azərbaycan prezident, Ali Baş Komandan səviyyəsində mövqeyini bir daha bəyan etdi və işğalçıya növbəti dəfə düşünmək, doğru seçim etmək üçün şans verdi. Hər halda, düzgün nəticə çıxarılmayacağı halda, Azərbaycan ordusu öz sözünü deyəcək və körpə qatillərini müdafiə üçün artıq hər hansı bəhanə keçərli deyil. Alxanlıda qadın və uşağın qətlindən sonra dünya bir daha Ermənistanın iç üzünə bələd oldu./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?