Xəbər verdiyimiz kimi, bazar günü Bakıda ağır yol qəzası baş verib. Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.
Avtomobil yüksək sürətlə hərəkət edirmiş.
90 AA 159 dövlət nömrə nişanı "VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində "Belrustroy” MMC-yə məxsus "VAZ” markalı avtomobilin üzərində qeydə alınıb. Lakin "Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.
Qeyd edək ki, bəzi imkanlı şəxslər avtomobilinə "AA” seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar. Çünki DYP "AA” seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər. Bəzən isə üzərində "AA” seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər.
İstifadə olunmayan "VAZ”-a məxsus avtomobil nömrəsindən istifadə edir, qaydaları pozur, elektron protokollar – MMX-lar da "VAZ”-a tətbiq olunur. Lakin bu cərimələr illərlə ödənilmir. Yol polisi də həmin cərimələri ödətdirmək üçün avtomobilin özünü saxlamalıdır. Lakin avtomobil sürülmədiyi üçün onu tapmaq mümkün olmur. Beləcə, hər il belə işbazlara görə yüzlərlə cərimə ödənilmir. Və bu cür əməllərə əl atanlara elə gəlir ki, "AA” seriyalı nömrə ilə qəzaya düşmək olmur, qaydaları da tapdalamaq olar. Amma qəza qaçılmazdır. Necə ki, 90 AA 159-u idarə edən sürücü belə bir halla üzləşib./avtosfer.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?