Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilməyib.
gundemxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, A.Rəhimovun atası, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif (Rəhimov) "Report"a xəbəri təsdiqləyib. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edilməyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, bu il sentyabrın 7-də saat 16:00 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Daha sonra onun barəsində cinayət işi açılaraq, Səbail Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?