Xəbər verdiyimiz kimi, səhər saatlarında “Bakı Metropoliteni”ndə böyük sıxlıq yaranıb. Bu səbəbdən işə və dərsə gecikən xeyli insan sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.
Qafqazinfo problemin yaranma səbəbini öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlayıb. O bildirib ki, səhər saatlarında depodan gələn qatarların xəttə qəbulu zamanı texniki problem yaranıb: “Belə deyim, səhər saat 6:00 radələrində bizə lazım olan qatarların yarısını ancaq xəttə qəbul etmişdik. Bu səbəbdən qatarlar arası interval artdı və sərnişin sıxlığı yaranmağa başladı.
Saat 7:00 radələrində artıq kifayət qədər qatar qəbul edə bilirdik, ancaq buna baxmayaraq, həddən artıq sərnişin sıxlığı var idi və qatarlarımız bütün sərnişinləri götürə bilmirdi. Proses təqribən 1 saat bu cür davam elədi. 8-dən sonra bütün qatarlar arası interval bərpa olunmuşdu, ancaq əsas stansiyalarda, məsələn, “28 May”, “20 Yanvar”, “Koroğlu”da sərnişin sıxlığı yenə də davam edirdi. Hazırda bütün problem aradan qaldırılıb. Pik saat da artıq qurtarıb, hər hansı problemimiz yoxdur.
Səhər saatlarında narahatlıq yaratdığımız üçün bütün sərnişinlərimizdən üzr istəyirik. Bir də onu xüsusi qeyd etmək istəyirəm ki, işə gecikdiyi üçün rəhbərlik tərəfindən danlanılanlar olub. Xahiş edirik ki, bu gün işə metro səbəbindən gecikənləri anlayışla qarşılasınlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?