Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, isti hava şəraitini nəzərə alaraq may ayının 1-dən noyabr ayının 15-dək istismar edilən nəqliyyat vasitələrinin arxa sağ və sol qapı şüşələrinə jalüzün və “ştorka”ların asılaraq idarə edilməsinə icazə verilir. Noyabr ayının 16-dan isə bu müddət başa çatır. Yəni, sürücülər buna diqqət etməzlərsə, cərimə ediləcəklər: “Qanunvericiliyə əsasən, verilən müddət bitəndən sonra tələblər pozulursa, təbii ki, inzibati xəta tərkibi yaranır. Bu halda yol polisi sürücüləri saxlayıb məsuliyyətə cəlb edə bilər”. O əlavə edib ki, jalüz və “ştorka”larla bağlı hər hansı reyd təyin edilməyib, amma yol polisi xidmət apardığı ərazi üzrə belə avtomobil görərsə, dərhal saxlayacaq: “Bunun o qədər təbliğatı aparılıb ki, gündəmə gəlməsinə ehtiyac yoxdur. Sürücülər bu barədə yetərincə məlumatlıdır”. V.Əsədov bildirib ki, hətta bununla bağlı tərtib edilən inzibati protokolların sayı 2,5 dəfə azalıb: “Məsələn, ötən il bu tələbləri pozan 1500 sürücü var idisə, bu il bu rəqəm 600 nəfərə düşüb. Yəni, artıq aparılan təbliğat və görülmüş tədbirlər sürücülər arasında yol hərəkəti qaydalarının düzgün yerinə yetirilməsinə meyilliliyi artırır”. Qeyd edək ki, noyabr ayının 15-dən sonra jalüz və “ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub. /fins.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?