Son bir neçə ayda Qərb ölkələri və onlardan təsirlənən (təsirlənməmələri mümkün deyil – K.R.) dünyanın yerdə qalan hissəsi iki mühüm hadisənin şahididir. Bu xəbərlər dünyada böyük rezonans doğurub, ancaq ən mühümü budur ki, bu günə qədər mövcud olan düşüncələri, qənaətləri sarsıdır. Özü də sarsılan Qərbin “dəyərlər”idir. Hadisələr o qədər dramatikdir ki, istər-istəməz konspiroloji suallara səbəb olur: Qərbdə buna niyə icazə verirlər?
Birinci hadisə iki həftə əvvəl açıqlanan gizli ofşor hesabları ilə bağlayan proses oldu. “Cənnət sənədləri” adlı gizli hesablar dosyasında Böyük Britaniya kraliçası, Kanadanın baş naziri Castin Trüdo, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxslər, Ukrayna prezidenti Petro Poroşenko, Almaniyanın sabiq kansleri Gerhard Şröder də daxil olmaqla, dünyanın 50 ölkəsində müxətlif vəzifələri tutmuş və tutmaqda davam edən 120 siyasətçinin ofşorlardakı vergidənyayınma əməlləri barədə məlumatlar açıqlanıb. Sənədlərdə həmçinin Nike, Apple, Deutsche Post, Siemens, Allianz, Bayer, Deutsche Bank kimi dünya nəhəngi şirkətlərin də adları keçir.
Əgər “Wikileaks” sənədlərində ABŞ diplomatiyası, siyasəti hədəfə alınmışdısa, bu dəfə areal daha genişdir. Söhbət 8 trilyon avroya yaxın dəyəri olan gizli əməliyyatlardan gedir. Ən mühümü isə bu qara və qaranlıq işdə dünyanın azadlıq, demokratiya və ümumi olaraq Qərb dəyərlərinin mənbəyi sayılan ölkələr hədəfə düşüb. Ofşorlar əsasən Qərb ölkələrində yerləşir və adları açıqlanan şəxslər demokratiya beşiyi sayılan ölkələrin liderləridir. Dünyada demokratiya, azadlıq anlayışları ilə adları az qala sinonim təşkil edən ölkə və liderlər artıq gizli maliyyə fırıldaqları siyahısındadır. Yeri gəlmişkən, “Wikileaks” sənədləri özü ilə dünyada böyük bir çalxalanmanı gətirdi.
İkinci hadisə nisbətən kölgədə qaldı, amma təsiri bütün dünyanı vurdu. Söhbət Hollivudda başlayan təcavüz ittihamlarından gedir. Hər şey bir neçə aktrisanın tanınmış prodüser Harvi Vaynşteyni seksual təcavüzdə ittiham etməsilə başladı.
Daha sonra 85 yaşlı aktrisa Rita Moreno bütün qadınları öz hekayələrini bölüşməyə çağırdı və “twitter”də #MeToo (“Məni də”) haştaqı ilə dünyada milyonlarla qadın rastlaşdığı təcavüz xəbərlərini bölüşməyə başladı. Ancaq ən böyük ittihamlar Hollivudun məşhur simalarına qarşı oldu. Bir çox tanınmış, dünyaca nüfuzlu incəsənət xadiminin yüksək səviyyəli aktyor olmaqla yanaşı, rəzil, özlərindən asılı qadınları şantaj edən, çarəsizliyindən istifadə edərək onlara sahib olmağa çalışan manyaklar olduğunu üzə çıxardı. Təcavüzlər silsiləsi davam edir və kino sahəsinin sərhədlərini artıq çoxdan aşıb, hətta dünyada məşhur olan Tariq Ramazan kimi şəxslərə də gedib çatıb.
Bu vəziyyətin doğurduğu ilkin reaksiya “nə baş verir” sualı ilə ifadə olunur. Bu hadisələr məqsədli şəkildə idarə olunan prosesdir, yoxsa Qərbdə aşkarlanma prosesi artıq illərlə qorunan gizli sirləri də açmağa başlayır? Ard-arda baş verən bu hadisələrin məqsədli, idarə olunan bir əməliyyatdırmı? Əgər bu proses idarə olunan bir porsesdirsə, bunun müəllifləri nə istəyir, hədəfləri nədir?
Yoxsa dünya yeni bir formasiyaya qədəm qoyuruq? Bəlkə Qərb öz “bütlərini” yıxmağa qərar verib, yeni şəffaf bir dünyaya keçid edir? Hər halda suallar açıqdır. Yaxın günlərdə növbəti bir “ifşa silsiləsi” başlayacaqsa, o zaman “ipliyin sökülə-sökülə gedəcəyini” və daha böyük tabulari yıxacağını gözləmək lazımdır. Hələliksə Qərb pul və qadın kimi həssas yerindən vurulur. Bunun təbii bir proses, yoxsa idarə olunan hadisə olduğunu isə bilməyəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?