Bakının Suraxanı rayonunda yerləşən 76 nömrəli məktəbin bəzi şagirdlərinin qolunda müşahidə edilən anlaşılmaz sıyrıqlarla bağlı məktəb təcili addımlar atıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbdə uşaqlar arasında aparılan ümumi yoxlanış zamanı bəzi uşaqların qolunda qəribə sıyrıqlar olduğu məlum olub və bu barədə BŞTİ-yə məlumat verilib. 27 noyabr tarixində müəyyən edilən qəribə olayla bağlı məktəb rəhbərliyi də dərhal həmin şagirdlərlə psixoloq və tibb bacısının iştirakı ilə söhbət aparıb. Şagirdlərin valideynləri də bu haqda məlumatlandırılıb. Hətta hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru məktəbə dəvət edilib: “Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, şagird və valideynlərlə müvafiq söhbətlər aparıb, uşaqlara ailə nəzarətinin gücləndirilməsinin zəruriliyi barədə valideynlərə tövsiyələr verilib. Məsələ nəzarətdə saxlanılıb”. Yeri gəlmişkən bildirək ki, 6-cı sinif şagirdlərinin qolunda müəyyən edilən sıyrıqlar, iddiaya görə, yeniyetmələr arasında son illər çox yayılmış “Mavi balina” adlı təhlükəli oyunun əlamətləridir. Bu internet oyununun şərtlərindən birinin məhz damarları kəsib, özünə xətər yetirmək olduğunu nəzərə alsaq, vəziyyət olduqca təhlükəlidir. “Mavi balina” - insanların intihara təhrik edən qorxunc internet oyunudur. Uşaqları və yeniyetmələri özündən asılı vəziyyətə gətirən oyunun qurbanlarının sayı durmadan artmaqdadır. Məlumata görə, oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. “Mavi balina” oyunu 50 gün ərzində oyunçularına şüuraltı olaraq “intihar et” mesajını ötürür. Oyunda 50 gün boyunca 50 tapşırıq verilir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə “öl, onsuz da yenidən doğulacaqsan” təlqini edilir. Qeyd edək ki, bu günə qədər ölkə məktəblərində yeniyetmə şagirdlər arasında özünü öldürmə, səbəbsiz yerə intihar faktlarında “Mavi balina” iddiası da araşdırılıb. Hətta oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin özünü asmasının səbəbinin də “Mavi balina” olduğu təxmin edilirdi. Bildirək ki, təkvə Rusiyada 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib./Axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?