Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əflatun Qasımov sədrlik edib.
Prosesdə qərar elan olunub. M.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Sentyabrın 29-da isə Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.
Sorğu
Yeni dizaynımız necədir?