Binanın ikinci mərtəbəsində yerləşən restoranların birinə bomba qoyulması xəbərdarlığı dəmiryolunun işini 5 saat pozdu; Azərbaycandakı sabitlik kimlərin yuxusunu qaçırır?
Dekabrın 21-də Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı yaşanıb. Qurumun mətbuat katibi Sevinc Qədirova mediaya açıqlamasında bildirib ki, günorta saat 12 radələrində naməlum kişi vağzalın məlumat bürosuna zəng edib: “Həmin şəxs binanın ikinci mərtəbəsində yerləşən restoranların birinə bomba qoyulması barədə məlumat verib. Sonra da mədəni şəkildə sağollaşıb”. Dərhal baş verənlərlə bağlı rəsmi qurumlara məlumat verilib. Polis əməkdaşları binada işləyən şəxsləri təxliyə edib, sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binada axtarışa başlayıblar. Qeyd edək ki, həmin binada yerləşən “ASAN Kommunal”ın da fəaliyyəti dərhal dayandırılıb. O cümlədən, qatarların yola salınması və qəbulu, eləcə də bilet satışı dayandırılıb.
Vağzalda axtarışlara xüsusi təlim görmüş itlər cəlb edilib.
Saat 15 radələrində FHN hadisə ilə bağlı ilkin məlumat yayıb. Məlumatda bildirilib ki, Fövqəladə Hallar Nazirliyi partlayıcı qurğunun axtarışı ilə bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Təxminən 5 saatadək davam edən axtarış tədbirləri nəticəsində binada heç bir partlayıcı qurğu aşkarlanmayıb. Vağzal və burada fəaliyyət göstərən “ASAN Kommunal”, eləcə də iaşə obyektləri və dükanlar fəaliyyətini bərpa edib.
Bakı Dəmir Yolu Vağzalı ilə bağlı baş verənlər “telefon xuliqanı”nın əməli, yoxsa ölkəmizi istəməyən dövlətlərin xüsusi kəşfiyyat orqanlarının “nəbz yoxlaması” olduğunu indidən demək çətindir. Əslində son illər bu cür hadisələrə bir çox ölkələrin aeroportlar da, vağzallarında və metrolarında tez-tez rast gəlinir, elə Azərbaycanda da bu ilk belə hadisə deyil. Amma Azərbaycanda ilk dəfədir ki, strateji və insanların çox toplaşdığı dəmir yolunda bomba həyəcanı yaşanır, dövlət müəssisəsinin işi saatlarla dayandırılır, təbii ki, insanlar narahat olurlar.
Bu hadisənin Bakıda iki mühüm tədbirin keçirildiyi günə təsadüf etməsi bəzi haqlı suallar yaradır ki, bununla bağlı yəqin ki, hüquq-mühafizə orqanlarının müvafiq qiymətləndirməsi olacaq. Azərbaycan təkcə keçmiş MDB məkanında deyil, dünyanın bir sıra qabaqcıl ölkələri ilə müqayisədə siyasi sabitliyi ilə seçilir. Terrordan heç bir dövlət sığortalanmasa da, hakimiyyət Azərbaycan insanının, ölkəmizin qonaqlarının özünü rahat və təhlükəsiz hiss etməsini az qala bir nömrəli prioriteti hesab edir. Azərbaycanın yerləşdiyi region daima “qaynar qazan” olsa da, bu illər ərzində iqtidar xarici qüvvələrin sabitliyi və əmin-amanlığı pozmaq niyyətinin qarşısını qətiyyətlə alıb ki, bunu hətta opponentləri belə etiraf edirlər. Azərbaycanın regionda sabitlik qalası kimi inkişafı əlbəttə ki, bəzi xarici qüvvələrin, eləcə də dünyanı təhdid edən terror qruplaşmalarının yuxusunu qaçırır.
Sonda yada salaq ki, telefonla terrorla bağlı yalan məlumat vermək Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə deyilir: “İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”./musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?