Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur.
gundemxeber.az musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Məhkəmədə zərərçəkmiş kimi mərhumun xanımı Aygün Məmmədova çıxış edib. O bildirib ki, tələbləri həqiqətin üzə çıxmasıdır. Onun sözlərinə görə, qətli törədən üç nəfərdir. O, Qalib Kərimovun qətli tək üzərinə götürməsini qəbul etmədiyini söyləyib: "Vüsal Rüstəmovun atası Arif Rüstəmov da bu işdə var. Onlar birlikdə plan qurublar. Aylarla bu cinayəti törətməyi planlaşdırıblar. Qətldə bu üç nəfər də iştirak edib. Qalib qətli boynuna götürərək bu işi həll etmək istəyiblər. Vüsalın atası Arif Rüstəmovun səs yazısı da var. Həmin səs yazısında Arif deyir ki, Qalib cinayəti öz üzərinə götürsün. Əvvəl razılaşmasa da sonra məhkəmədə bu qərara gəldilər. Qalib indi cinayəti tək törətdiyini deyir" Mərhum İlqar Məmmədovun xanımı söyləyib ki, 10 il ərzində fasilələrlə evlərində oğurluq olub. Amma həyat yoldaşı heç zaman polisə məlumat verməyib: "Deyirdi ki, "canımız sağ olsun. Sağıq, yenə də qazanarıq". Problem olmasın deyə şikayət etmirdi. Bir məsələni də qeyd edim ki, pulların harada olduğunu bilirəm. Vüsalgilin apardığı pulun 400 mini Larisa adlı qadında, 800 mini isə Arif Rüstəmovdadır. Qalan hissəsi isə Vüsalın qətli törədən dostlarındadır". Zərərçəkniş iddia edib ki, oğurluq edilən zaman evdə 3 milyon civarında pul olub. Amma həmin məbləğin varlığını sübut edə bilməyəcəyi üçün 1,5 milyon dollar olduğunu deyib. O, həmin pulun əri tərəfindən bir müddət əvvəl yığdığını söyləyib: "Manatlarını dəyişirdi. Dolların bahalaşacağını deyirdi. Ona görə də pulu dollarla yığırdı". Zərərçəkmiş suallara cavabında əri ilə aralarındakı münasibətdən də danışıb: "Neçə dəfə evimizdən oğurluq edilib. Oğlum doqquzuncu sinifdə oxuyanda da evimizə maskalılar girdi. Oğlumun başına silah dayadılar. Mən də bundan sonra İlqara dedim ki, işlərini planlaşdır. Belə olmaz. Oğlum universitetə qəbul olandan sonra Bakıya gəldim. Qızım da məninlə gəldi. Mən həftənin şənbə günləri rayona gedirdim. Evi-eşiyi yığışdırıb qayıdırdım". Müdafiə tərəfi isə bildirib ki, məhkəməyə təqdim edilən 1,5 milyon dollarlıq mülki iddianı sübut edə biləcək sübutlar yoxdur və sadəcə olaraq iddiadır. Zərərçəkmiş təqsirləndirilən şəxslərə ömürlük cəza istəyib və mülki iddiasının təmin edilməsini istəyib: "Mən onlara indi də deyirəm ki, əgər qaytara bilirlərsə, uşaqlarımın atasını qaytarsınlar. Tələbim onlara ömürlük cəza verilməsidir. Pulu da ona görə tələb edirəm ki, həmin pul uşaqlarımın haqqıdır. Pulun hamısını uşaqlarıma xərcləyəcəm. Xeyriyyə işlərinə sərf edəcəm". Aygün Məmmədova suallara cavabında mülki iddiadakı 1,5 milyon dolları evlərində görüb-görməməsi ilə bağlı suala belə cavab verib: "Həmin ilin mart ayında mənim payım olan 300 min manat evdə idi. Sonra isə ev gələndə iki qutuda pul gördüm. Bir qutu 100 dollarla dolu idi. İkinci qutu isə yarıya qədər dolmuşdu. Təxminən 1 milyon 200 min dollar olardı". Növbəti məhkəmə iclası yanvarın 8-nə təyin edilib. İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb. Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər. Təqsirləndirilən şəxslərdən Qalib Kərimov özünü qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özünü təqsirli bilməyiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?