Rusiyada məşhur qida sənayesi şirkəti olan “Vimm-Bill-Dann”ın təsisçilərindən biri David Yakobaşvili “münaqişəli minerallar” adlanan metalların alveri ilə məşğul olmaq üçün Afrikada fəaliyyət göstərən iki şirkətdə pay alıb. Ekspertlərin fikrincə, bu sərfəli, lakin riskli biznesdir.
Yakobaşvili tərəfdaşları ilə birlikdə qızıl, qurğuşun, tantal, kobalt və Afrikada hasil edilən digər xammalın alış-verişi ilə məşğul olacaq. O, 2017-2018-ci illərdə Afrika layihəsinə ümumilikdə 200 milyon dollar yatırım etməyi planlaşdırır.
Gürcü iş adamı Ruandadakı “Tams” və Konqodakı “Sorqoso” şirkətlərində paylara sahiblənib. “Tams”ın saytında yazılanlara inansaq, bu şirkət 2017-ci ilin yanvar ayında təsis edilib və Konqoda, Rusndada, habelə Uqandada “3T Mineral”ın (digər adı ilə “münaqişəli minerallar”) əsas ixracatçısı olmaq niyyətindədir.
“Münaqişəli minerallar” nədir?
“Münaqişəli minerallar” dedikdə hərbi münaqişələr və insan haqlarının kobud şəkildə pozulması şəraitində hasil edilən faydalı qazıntılar başa düşülür. Misal üçün, Konqonun şərq əyalətlərində çıxarılan mineralların satışı hesabına alınan silah-sursatla qeyri-qanuni silahlı birləşmələr və üsyançılar 5 milyondan çox adamı qətlə yetiriblər. Tantal, qurğuşun və kobalt noutbukların, smartfonların və elektriklə çalışan avtomobillərin istehsalında istifadə edilir. Konqo dünya kobalt ehtiyatlarının yarısından çoxuna sahibdir. Bu metal bütün dəbdə olan telefonlarda və kompüterlərdə istifadə edilən litium-ion tipli batareyaların istehsalına sərf olunur.
ABŞ qanunvericiliyinə görə, şirkətlər istehsal zəncirinə nəzarət etməli və bu cür minerallardan istifadədən qaçmalıdırlar. “Apple” həmin qaydalara riayət edir. Lakin “Amnesty International” təşkilatının hesabatına görə, “Lenovo”, “Microsoft” və “Renault” kimi şirkətlər bu addımlardan yayınırlar.
Yakobaşvilinin nə qədər pulu var?
Nüfuzlu “Forbes” jurnalının hesablamalarına görə, David Yakobaşvilinin varidatı cəmi 900 milyon dollar təşkil edir. Hələlik hasilat sənayesinə pul yatıran sahibkar gələcəkdə emal sənayesinə də vəsait ayırmağı düşünür.
İş adamının özünün dediklərinə inansaq, “Tams” şirkətinin səhmlərinin 31%-i, “Sorqoso” şirkətinin səhmlərinin isə 25%-i ona məxsusdur.
Yakobaşvili deyir ki, “Sorqoso” qurğuşunu, tantalı, kobaltı və litiumu cəngəllikdə çalışan fərdi hasilatçılardan alır və yük maşınları ilə Konqo Demokratik Respublikasının ikinci şəhəri sayılan Lubumbaşiyə daşıyır. “Oranın yolları qorxunc vəziyyətdədir! Mal qismən elə Konqoda satılır, bir hissəsi isə ixrac edilir”, - gürcü iş adamı bildirir.
Yanacaq biznesi
2011-ci ildə “Vimm-Bill-Dann”dakı payını satmış Yakobaşvili 2015-ci ildə “Petrocas Energy Limited” şirkətinin səhmlərinin 49%-ni “Rosneftə” 144 milyon dollara satıb, lakin nəzarət səhm zərfini öz əlində saxlayıb.
Mənbənin bildirdiyinə görə, bu şirkət Gürcüstanın Poti şəhərində limana malikdir və illik 7-8 milyon ton neft məhsullarınn nəqli imkanı var. Həmçinin şirkətin Gürcüstanda, Ermənistanda, Azərbaycanda və Qazaxıstanda 200-dən çox yanacaqdoldurma məntəqəsini birləşdirən şəbəkəyə sahib olduğu qeyd edilir./virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?