Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahim Mənəfov həlak olub. Bu barədə Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Cəbhə xəttində Azərbaycan hərbçisinin həlak olması barədə məlumat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşündən bir gün sonraya təsadüf edir.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir ki, nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə həsr edilən əvvəlki sammitlərdə əldə olunmuş sazişlərin reallaşdırılmasına yardım üçün növbəti addımları müzakirə edib.
"Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətinin genişləndirilməsi ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə edib".
Görüşlər zamanı nazirlər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər üzrə fikir mübadiləsi aparıb. Həmsədrlər, həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıb. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıb.
Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il sahə qiymətləndirmə missiyasının inkişaf etdirilməsinin mümkünlüyünü bir daha müzakirə etməkdə maraqlı olduqlarını bildirib.
Həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar”, birgə bəyanatda qeyd edilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi erməni tərəfi Azərbaycanın Dağlıq Qarabağ Vilayətini və regiona bitişik 7 rayonunu nəzarətinə keçirib. Münaqişənin tənzimlənməsilə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.
Cəbhədə hərbi əməliyyatlar 2016-cı il aprelin 2-dən 5-dək yenidən bərpa olunub. Üç gün ərzində aparılan döyüşlərdə tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə atəşkəs rejimi yenidən bərpa olunub. Bundan sonra iki ölkə prezidentlərinin bir neçə görüş keçirməsinə baxmayaraq danışıqlarda irəliləyiş qeydə alınmayıb.
Minsk Qrupunun həmsədr dövlətləri də dəfələrlə mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini qeyd edib. Amma, status-kvo da dəyişməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?