Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar məlumat yayıb.
gundemxeber.az-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 kvadratmetr olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb.
Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?