Tanınmış aktyor Rza Rzayev 220 saylı məktəb-liseyin direktorunu təhqir edərək hədələməsinə münasibət bildirib.
gundemxeber.az bildirir ki, o, qafqazinfo-ya açıqlamasında qeyd edib ki, videonu mühafizə orqanları yox, elə məktəbin direktoru yayıb: "Videonun alt yazısındakı sözlərin çoxu yanlışdır, mən elə sözlər deməmişəm. Yazıya ehtiyac yox idi, mənim səsimi verərdilər. Orada yazılıb ki, bacımdan adının mənasını soruşub, ona görə əsəbiləşmişəm. Xeyr, elə deyil. Neçə ildir ki, orada işləyən müəllimələri mən tanıyıram. Hər biri namuslu, şərəfli Azərbaycan qadınıdır, bizim anamız, bacımızdır. Onun orada müəllimələri tək-tək çağırıb adının mənasını soruşması əxlaqlı bir şey deyil və artıq bunun altında başqa şeylər var. Müəllimələrin adının mənası ilə maraqlanırsa, iclasda, müəllimlər otağında soruşsun. Daha tək-tək otağına niyə çağırır? Filoloqdur, anasından, bacısından adının mənasını soruşsun. Bizim də əlimizdə faktlarımız var və istintaq orqanlarına təqdim edəcəyik. Burada heç bir çəkinəcək yerim yoxdur. Hər bir azərbaycanlı qadını anamdır, bacımdır və onun şərəfini qorumağı özümə borc bilirəm. Hazırda hüquqi zəmində iş gedir. Onlar müraciət edib, hüquqi qaydalarla məsələ həll olunacaq. Azərbaycanlı qadınların şərəfini qoruyub hansısa cəza alacamsa, qoy olsun. Lazım gəlsə, bir neçə il "içəridə"də yatacağıq, ancaq onun kimilərin cavabını verəcəyik. Öyrəşiblər pul yığmağa, mənim bacım etiraz etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb".
***
Qafqazinfo 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəyevlə əlaqə saxlayıb. O bildirib ki, bütün iddialar əsassızdır və hazırda iş hüquqi müstəvidə aparılır: "Mənim Tural Mirzəyev olaraq bir neçə ictimai vəzifəm var. Onlardan biri məktəb direktorluğudursa, digəri kiminsə atası, kiminsə oğlu, qardaşı olmağımdır. Kim məni tanıyırsa, bilir ki, elə bir insan deyiləm. O, məni direktor kimi görüb gəlib və mən əxlaqımı, təmkinimi qoruyub etik qaydalarda ictimai borcumu yerinə yetirməyə məcbur olmuşam. Direktor olaraq bilirəm ki, yuxarı instansiyalar var və burada mənim hər hansı bir əlavə söz deməyimə ehtiyac yoxdur. Hazırda direktor kimi məktəbin, rəhbərliyin adını təmizə çıxarmaq üçün çalışıram. Ancaq daha sonra mən bir şəxs kimi öz hüquqi mübarizəmə başlayacam. Mənim bir ailəm var və həmin şəxs ailəmi təhqir edib. Səs yazısında bəzi səhvlər var, o, mənim anama, bacıma nəsə deyə bilməz. Ancaq mənə qarşı deyilmiş hələ çox ifadələr də var ki, o videoda yoxdur. Hazırda, sadəcə, qanuna sığınmışam".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?