Bayıl yamacında sürüşmə zonasında aktivlik davam edir. Ərazidə müvafiq qurumların nümayəndələri işlər aparırlar. Orada yaşayan əhali isə artıq bir aya yaxındır ki, küçələrdə qalıb, təhlükə səbəbindən evində gecələyə bilmir.
Fevralın 19-da Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov növbəti dəfə sakinlərlə görüşü zamanı bildirib ki, bu gündən kirayə pulları verilməyə başlanılıb. Başçının sözlərinə görə, ilkin mərhələdə 67 nəfər kirayə pulu alacaq. Birdəfəlik kompensasiya məsələsi barədə isə konkret söz deyilməyib. Bildirilib ki, bu məsələyə hələ ki baxılır. Başçı söyləyib ki, sakinlərin nə qədər kirayədə qalması prosesdən asılıdır: “Alimlər işləyir, həm də bəzi şəxslər evlərindən köçmək istəmir. Alimlər araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya veriləcək. Hansı ev zonadan kənarda olsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə verilsə, onlar geri qayıdacaq”.
Başçı bildirib ki, kim notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsini təqdim edibsə, onların adına bank hesabı açılır və kirayə haqqı ayrılır. Kirayə haqları isə ailə üzvlərinin sayına görə hesablanır: “Hazırda hesablananlar arasında minimum kirayə haqqı 260 manat olub. Artıq evləri uçan şəxslərə isə birdəfəlik kompensasiya verilməsi hesablanır” deyə, icra başçısı söyləyib.
Sakinlərlə əlaqə saxlayıb, mövcud vəziyyətlə maraqlandıq. Onlar bildirdilər ki, son iki gündə yağan yağışdan sonra ərazidə vəziyyət daha da təhlükəli hal alıb. Lakin təhlükəyə rəğmən evini tərk etmək istəməyənlər də var ki, həmin şəxslər bütün çətinliklərə baxmayaraq öz evlərində qalırlar.
Sakinlər həmçinin qeyd etdilər ki, kirayə pullarını almayıblar. Bəziləri isə ümumiyyətlə, ayrılan məbləğlə razı deyil. Hesab edirlər ki, 260 manata Bayıl ərazisində kirayə ev tapmaq mümkün deyil.
Ərazidəki ümumi vəziyyətlə bağlı “Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bir sıra məqamlara da toxundu. E. Muradlı bildirdi ki, o və ərazidə ayrı-ayrı evlərdə yaşayan 4 qohumu kirayə pulu almayıblar:
“Bizə hələ ki kirayə pulu ilə bağlı heç bir xəbər verilməyib. Səhər MİS-in qarşısına sakinlər toplaşıb, cavab gözləyirdilər. Cavab nə zaman veriləcək, məlum deyil. Pulun minimum 260 manat olduğunu söyləyirlər. Camaat gözləyir ki, pullar köçürülsün, məbləği görsünlər. Əgər 5 otaqlı evdə yaşayan 3 ailəyə gətirib bir ailənin pulunu verəcəklərsə, narazılıq olacaq. Camaat da söyləyirdi ki, elə olsa etiraz edəcəklər. Son ana qədər icra hakimiyyətinin nümayəndələri konkret rəqəm demirlər. Kimləri ayrı, kimləri bir ailə yazıblarsa, bunu da açıqlamırlar. Bu səbəbdən də camaat hələ ki susub, məbləğin nə qədər olacağını gözləyirlər. Məcburi köçkünlər, sənədsiz evlərdən də söhbət gedir. Məcburi köçkünlər bu ərazidə 1993-cü ildən məskunlaşıblar. O zaman göstəriş vardı ki, məcburi köçkün harada məskunlaşırsa, ona dəyməyin. Biz özümüz də daxil olmaqla, camaat mal-qarasını, dəyərli əşyalarını satıb, günlərlə ac-susuz qalıb burada ev qurublar. Bu evi tikən zaman da icra hakimiyyətinin və digər qurumların şirinliyini vermişik. Necə olur 25 ildir buradakı evlərin sənədsiz olduğu heç kimin ağlına gəlmirdi, indi gəlir? Məcburi köçkün bu illər ərzində dövlətdən heç nə ummayıb. İndi durub qurduğu evi sənədsiz adlandırıb, söküb, camaatı çölə atmalıdırlar?”
Muradlı bildirib ki, Səbayel rayon icra başçısının müavini Abit Əliyev camaata deyib ki, kirayə pulunu alıb köçəndən sonra evlərinizi sökəcəyik: “Camaatın telefonunda onun səsyazısı da var. Sual verirlər ki, bizə kirayə pulu verib, buradan köçürürsüz. Bəs evimizin taleyi necə olacaq? Cavab verir ki, evinizi sökəcəyik. İcra başçısı bir söz deyir, camaat rahat olur, müavini də gəlir, fərqli fikir səsləndirir. Camaat dəlidirmi ki, 260 manat pul alıb, 5 otaqlı evini tərk etsin? İnsanlar da buna görə narahatdırlar və evlərini tərk etmək istəmirlər. Hazırda evindən çıxmayıb, odun sobası qurub, yaşayanlar da var. Əhali gedib deyir ki, baş nazirin müvəqqəti köçürülmə ilə bağlı qərarını bizə göstərin. Bunu da göstərmirlər. Belə olan halda kim evini qoyub çıxar? Gündüz insanlar gəlir, məhəllədə samovar qaynadıb, çay içirlər. Gecələr də bəziləri elə öz mənzilində qalır, bəziləri də gedir qohumlarının evinə. Ərazidə nəzarət də çox zəifdir. Cəmi iki yerdə polis postu qurulub. Şəxsən mən gecələr gedib, orada gəzirəm, heç kim demir ki, burada nə gəzirsən. Oğru gəlib, evimizi yığıb aparsa kim cavab verəcək? 11 ay burada qalmasaq evimizi kim qoruyacaq? Heç bizim evi hələ gəlib ölçməyiblər də. Səbayel Rayon İcra Hakimiyyəti işin öhdəsindən təkbaşına gələ bilmir. Hər şeyi də atıblar icra hakimiyyətinin üstünə. Nə üçün Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov bir dəfə də olsun əraziyə gəlməyib? Baş nazirin müavini Abid Şərifov bir dəfə gəlib. Səbayel rayon icra başçısı hər dəfə gələndə deyir ki, Abid müəllim zəng eləyib filan tapşırığı verdi. Adam hər şeyi telefonla idarə edir. İnsanlar da bundan narahatdır ki, Səbayel Rayon İcra Hakimiyyəti niyə ortada tək qalıb? Əgər bu doğrudan da dövlət səviyyəsində olan işdirsə, digər qurumlar haradadır? Haradasa söküntü olan kimi Hacıbala Abutalıbov, Abid Şərifov orada görünürdülər. İndi isə bunların heç biri ortada yoxdur, Səbayel Rayon İcra Hakimiyyəti ortada tək qalıb və bu gün nə deyirsə, sabah yalan çıxır. 25 gündür nə deyirlərsə, sabah məlum olur ki, yalandır. Hadisənin səhəri günü açıqlama verdilər ki, kirayə pulu veriləcək. Üstündən 25 gün keçib, hələ də ortada heç nə yoxdur. Evimi ölçməyib, heç bir sənəd verməyibsə, necə 260 manatı alıb çıxmalıyam? 5 otaqlı evin qiyməti 260 manatdır? Camaat Səbayel Rayon İcra Hakimiyyətinin əməkdaşlarından narazıdır. Başçı özü yaxşı danışır, müavinləri gəlir camaatı acılayır, evinizi sökəcəyik deyir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?