AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 31 mart – Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir institutun əməkdaşlarının faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. İnstitutun direktoru akademik İradə Hüseynova çıxışında genişmiqyaslı qanlı qırğınların ermənilərin azərbaycan türklərinə qarşı iki əsr davam edən mənfur siyasətinin təzahürü olduğunu bildirdi. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhəri eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə törədilmiş soyqırımda minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini və başqa bölgələri, kəndləri xarabalığa çevirmişlər. İnstitutun digər əməkdaşları faciəylə bağlı çıxışlarında xalqımızın bu tarixi heç vaxt unutmayacağını və soydaşlarımızın qisasının yerdə qalmayacağını vurğuladılar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?