8 gün əvvəl itkin düşən Xəzər rayonu, Türkan qəsəbə sakini 1996-cı il təvəllüdlü Balabəy Azər oğlu Balabəyovdan hələ də xəbər yoxdur. Balabəy Balabəyov aprelin 1-də operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsindən (YDM) yoxa çıxıb. Onun yaxınları, valideynləri itkin düşməsində YDM sahibini günahkar bilirlər.
“Balabəyin atası Azər Balabəyov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində ərizə yazdı, göstərdi ki, Balabəyin itkin düşməsində günahkar Vidadi müəllimdir. Vidadi müəllim YDM-in sahibidir. Ora bir neçə mətbuat nümayəndəsi gedəndən sonra bizə yanacaqdoldurma məntəqəsindən zəng edib dedilər ki, gəlin kameralara baxın. Halbuki biz hadisə olan günü yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi müəllimlə görüşmüşdük. Ona dedik ki, imkan ver, şərait yarat, kameraların yaddaşındakı görüntülərə baxaq. İmkan vermədi. Bu gün artıq 8-ci gündür ki, Balabəydən xəbər yoxdur. Bu müddətdə kameraların yaddaşını silə bilərdilər. Bizə Balabəy iş yerindən itkin düşən gün niyə kameraların yaddaşını göstərmədilər?”
Bunu itkin düşən Balabəy Balabəyovun yaxın qohumu Vüqar Əmirov “Yeni Müsavat”a açıqlamasında deyib. Onun sözlərinə görə, hərbi xidmətdən qayıdan Balabəy Balabəyov “Şah oyl” YDM-də işə düzəlib, valideynlərinə dəstək olub: “Məntəqədə işlədiyi müddətdə Balabəyin 4-5 dəfə kəsiri olub. Hər dəfə yanacaqdoldurma məntəqəsinin sahibi deyib ki, kəsirin var. Həmin kəsir 15-20 manatı aşmayıb. O da çatışmayan pulu anasından alaraq aparıb verib. Martın 31-də Balabəy növbəti dəfə işə gedib. Aprelin 1-də yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi onun atası Azər Balabəyova zəng vurub, deyib ki, oğlunun 431 manat kəsiri var. 1 günün içində Balabəyin 431 manat borcu necə yarana bilərdi? Bunu bilən yoxdur. Bir də ki, əgər Balabəyin dəfələrlə kəsiri yaranırdsa, onu niyə işdə saxlayırdılar? Yanacaqdoldurma məntəqəsində hər tərəfdə kameralar quraşdırılıb. Balabəy oradan nə vaxt, kiminlə gedibsə həmin kameraların yaddaşında olub. Belə bir halda Vidadi müəllimin nə marağı vardı ki, biz kameralara baxmağa imkan vermədi? Məsələ ictimailəşəndən sonra, işə polis qarışandan sonra bizə xəbər göndərir ki, gəlin kameralara baxın. Həmin ”zapravka”da çalışanların əksəriyyəti, Vidadi müəllimin özü də radikal təmayüllü təriqətə mənsubdurlar, biz bilən vəhabidirlər. Bizimlə görüşəndə Vidadi müəllim dedi ki, Balabəy hasardan hoppandı, qaçdı. Belə də uydurma olar? Özünə də dedik ki, kameraları göstər, görək Balabəy haradan qaçıb? Bəlkə elə döyüb öldürüb basdırmısız?”
Vüqar Əmirov deyir ki, Balabəy Balabəyovun itkin düşməsi ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən axtarış elan olunub: “Balabəyin itkin düşməsində ”Şah oyl” yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi müəllimi günahkar bilirik. Əgər Balabəyin 431 manat kəsiri olubsa, onu Vidadi müəllim yanında saxlayıb atasına bu haqda məlumat verməli idi. Vidadi müəllim Balabəyin atası ilə danışıb, deyib ki, oğlunun kəsiri var. Atası da Balabəylə əlaqə saxlayıb. Balabəy telefonda atasına ağlaya-ağlaya deyib ki, onun kəsiri yoxdur. Onu döyüblər, nəsə ediblər ki, atası ilə danışanda ağlayıb. Sonra da sosial şəbəkədə status yazıb ki, məni şərlədilər, mən bu həyatda olmayacağam, günahkarlar cəzalandırılacaq. Həmin statusu da polisə təqdim etdik”.
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən criminal.az-a bildirilib ki, Balabəy Balabəyovun axtarışları davam etdirilir: “’Balabəy Balabəyovun itkin düşməsi faktı təhqiqatdadır. Onun taleyi barədə konkret nə isə demək çətindir. Onun yoxa çıxmasında dini məsələyə gəlincə, Balabəy dindar olmayıb”.
Balabəy Balabəyovun yeri haqda məlumatı olanlardan Xətai Rayon Polis İdarəsinə və ya fotodakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur./musavat
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?