Azərbaycanda 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
Prezident Əliyevin sərəncamına görə, İkinci Dünya müharibəsinin iştirakçılarına, vəfat etmiş iştirakçıların dul arvadlarına 1000 manat, müharibə zamanı arxa cəbhədə çalışıb medallar alan, həmçinin Leninqrad şəhərinin müdafiəsində iştirak edənlərin hər birinə 500 manat birdəfəlik yardım veriləcək.
Bu məqsədlə Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb.
Xatırladaq ki, Azərbaycan hər il İkinci Dünya müharibəsinin başa çatdığı 9 may ərəfəsində birdəfəlik yardım ayırır.
2017-ci ildə müharibə veteranları və onlara bərabər tutulan şəxslərə 7,2 milyon manat birdəfəflik yardım ödənilib. Ümumilikdə 13 312 nəfər şəxs birdəfəlik maddi yardımlarla təmin olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat, qalan 12 549 nəfərin isə hər birinə 500 manat ödənilib.
İkinci Dünya müharibəsində Azərbaycandan keçmiş SSRİ Ordusunun tərkibində 681 min insan iştirak edib. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub.
Tarixi araşdırmalara görə, müharibədə 70 minədək azərbaycanlı isə keçmiş Almaniya tərəfdən SSRİ-yə qarşı döyüşlərdə iştirak edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?