Alpinistlər çadırda olduqları zaman qar uçqunu baş verib; Fəridə Cəbrayılzadə Masallıda, Babur Hüseynov Astarada, Namin Bünyatzadə isə Şəmkirdə dəfn olundu
Dekabrın 25-dən Tufandağda itkin düşmüş “Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin cəsədləri nəhayət ki, mayın 16-da zirvəyə gedən yolda tapıldı.
Onların itkin düşməsindən bu vaxta qədər keçən zaman kəsiyində Tufandağ istiqamətində gərgin rejimdə axtarış tədbirləri aparılırdı. Lakin ərazidə qar çox olduğu üçün heç bir izə rast gəlinmirdi. Buna görə də onların yaxınlarının, dostlarının hələ də sağ tapılacaqlarına olan ümidləri tam sönməmişdi. Ehtimal vardı ki, alpinistlər dağı aşaraq, digər ölkənin ərazisinə də keçə bilərlər. Bir neçə gün öncə gənclərin nömrələrinin üzvləri olduqları “Gilavar” - hava və ekstrim idman klubunun “vhatsap” qrupundan çıxması ümidləri daha da artırmışdı. Lakin görünür ki, bu, sadəcə olaraq, texniki bir məsələ olub. Onların nömrələri uzun müddət istifadə olunmadığı üçün bağlanıb və avtomatik olaraq qrupdan da çıxıb.
Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olundular. Lakin cəsədləri yalnız qar əriyəndən sonra tapmaq mümkün oldun.
Əvvəlcədən proqnozlaşdırıldığı kimi, gənc alpinistlərin cəsədləri bir çadırda, qarın altında tapıldı. Jurnalistlərə açıqlamasında axtarışları həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev bildirib ki, hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapıldı: “Böyük ehtimalla onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu”.
Mehdiyev vurğulayıb ki, alpinistlərin axtarışları müvafiq təlimata uyğun olaraq fasiləsiz davam edib:
“Son günlər havanın daha çox istiləşməsi axtarışların intensivləşməsi üçün şərait yaratdı. Qarın səviyyəsi azaldığından alpinistlərin olduğu yeri müəyyənləşdirmək üçün bəzi ipucuları ortaya çıxdı. Əvvəl həmin ərazidə 10-12 metr hündürlükdə qar var idi. İsti havadan sonra qarın hündürlüyü 4 metrə qədər azalmışdı. Alpinistlərin yerini təxmini müəyyənləşdirdikdən sonra bütün qüvvəmizi səfərbər edib, həmin ərazidə axtarışları gücləndirdik. İki gün ərzində səhər saat 7-dən axşam 8-dək ərazidən çıxmamaq şərtilə iş apardıq. Mayın 16-da onların cəsədlərini aşkarladıq", - deyə Toğrul Mehdiyev əlavə edib.
Alpinistlərin axtarışları ilə əlaqədar yaradılan Əməliyyat Qərargahının bu barədə açıqlamasında bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-sı saat 18 radələrində itkin düşən alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib. Həmin ərazidən bir kişi cəsədi tapılıb. Saat 19 radələrində isə daha bir kişi və bir qadın cəsədi aşkarlanıb.
Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tapılan alpinistlərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə gətirilib müayinə edilib. Müayinələr başa çatdıqdan sonra meyitlər ailələrə təhvil verilib.
Əldə etdiyimiz məlumata görə, meyitlər ailələrinə təhvil verildikdən sonra onları doğulduqları bölgələrə aparıblar. Belə ki, Fəridə Cəbrayılzadə Masallıda, Babur Hüseynov Astarada, Namin Bünyatzadə isə Şəmkirdə dəfn olunublar.
Gənc alpinistlərin kim olduqlarına da qısa şəkildə nəzər salaq:
Babur Hüseynov Daxili İşlər Nazirliyinin əməkdaşı olub. O, polis orqanlarına qəbul edilməzdən öncə də bu idman növü ilə məşğul imiş. Əldə etdiyimiz məlumata görə, Babur Hüseynov daha öncə “Elbrus” zirvəsində də olub. Ümumiyyətlə, onun ölkənin bütün zirvələrinə qalxdığı qeyd olunur.
Babur Hüseynov ötən il dekabr ayında Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042m) dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq onlar zirvəyə çıxmağı bacarıblar. Babur hərdən bələdçi kimi də işləyib.
İtkin düşən 3 alpinistin içərisində ən təcrübəlisi Namin Bünyatov hesab olunurdu. O, “Kazbek”, “Elbrus” zirvələrində olub. Eyni zamanda ölkənin də bütün zirvələrinə bir neçə dəfə qalxmışdı. Sosial şəbəkələrdə onun zirvələrdə çəkdiyi xeyli sayda videoları, fotoları da var.
3 alpinistdən ən təcrübəsizi isə Fəridə Cəbrayılzadə olub. F.Cəbrayılzadə, sadəcə, olaraq fotoqraf-dağçı kimi fəaliyyət göstərirmiş. O, adətən zirvəyə qalxan alpinistləri müşayiət edib, onların zirvədəki anlarını fotoya alırmış.
Babur Hüseynovun dayısı Rafiq Hüseynov report.az-a deyib ki, Baburun atası Vaqif Hüseynov da bir neçə il öncə vəfat edib. O bildirib ki, B. Hüseynov itkin düşənə qədər anası ilə birgə Bakıda yeznəsi, şəhid polis serjantının evində qalırmış: “Onun yeznəsi bir neçə il əvvəl əməliyyat zamanı şəhid olub. Sonra Babur və anası da onlarda qalıb. Bacım Gülxanım Hüseynovanın ürəyində ciddi problemlər var. Bir neçə aydır o, ürəyindən müalicə olunur”.
Dağçı-fotoqraf Elçin Quliyev “Yeni Müsavat”a bildirib ki, əslində axtarış işləri ilk 3 gündə daha güclü aparılmalı idi: “Biz bilirdik ki, gec-tez onların cəsədləri tapılacaq. FHN-in əməkdaşları tapmasaydılar belə, onları nə zamansa ərazidə olan bir çoban tapacaqdı. Dünyanın heç bir yerində 5 ay alpinist axtarmırlar. Avropada ilk bir həftəni axtarırlar, tapılmasalar bir də axtarışlara qar əriyəndən sonra başlayırlar. Azərbaycanda isə axtarış işləri dayandırılmadı. Təbii ki, bu çox əziyyətli iş idi. Axtarışın ilk 2-3 günü ərzində ora kifayət qədər çox texnika, canlı qüvvə cəlb olunmalı idi. Sonrakı günlərdə qar uçqunları oldu, ərazidə qar çoxaldı. Yəni hər kəs bilirdi ki, orada cəsədləri tapmaq çox çətin olacaq. Şükür ki, tapıldılar”./musavat
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?