Vətəndaşları aldadaraq əfv ediləcəyi müqabilində pul alan həbsdə olan şəxs barəsində cinayət işi qaldırılıb.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, cinayət işinin istintaqı zamanı Vüqar Allahverdiyevin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000 manat, Firdovsi Məmmədovdan 2500 manat, Namiq Həsənovdan 3000 manat tələb edib almasına və eyni niyyətlə İradə Məlikovadan tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd etməsinə, habelə cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar oluub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sorğu
Yeni dizaynımız necədir?