Ötən ilin oktyabr ayında ölkə gündəmini silkəyən – iki dustağın həbsdən qaçmasının detalları məlum olub. Xüsusu təyinatlı vaqondan qaçan dustaqlardan biri, Əli Ağami istintaqa ifadəsində hər şeyi etiraf edib. Digər dustaq Etibar Məmmədov isə saxlanılarkən polisə silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.
gundemxeber.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əli Ağami özünü qismən təqsirli bilib və yalnız qatardan qaçması ilə bağlı ittihamı qəbul edib:
"Biz qətldə ittiham olunaraq 7-8 dəfə Lənkərəna etap olunmuşduq. Məhkəməyə kimi mən Masallıda, Etibar Məmmədov Lənkəranda, Tahirlə Əfsər isə Astara, Biləsuvar və ya Cəlilabad polisinin Müvəqqəti Saxlanma Yerində qalırdı. Çünki bizim düşmən olduğumuzu hesab edirdilər, buna görə də bir yerdə saxlamırdılar. Oktyabrın 21-də Lənkəranda etap olunmaq üçün dustaqlarla birgə "Voronok”la xüsusi vaqona gətirildik. Vaqonda olan qarovul rəisi Ceyhun (Ceyhun Səmədov) adlı şəxs üzərimizə baxış keçirmədən bizi kameralara yerləşdirdi. Bir neçə saat sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu 8-ci kameraya apardı. Orada tanımadığım arıq bir qadın var idi, onun Etibarla xüsusi vaqonda getməsindən başa düşdüm ki, yaxın münasibətləri var. Ümumi məsələlərdən bir az söhbət edəndən sonra kamerama qayıtdım. Masallıya çatanda polis əməkdaşları məni təhvil alaraq polis şöbəsinə apardılar. Müvəqqəti saxlanma yerinin rəisi mənə dedi ki, "sən bu gün geri qayıdacaqsan”. Səbəbini soruşduqda isə "keçən dəfə siz problem yaratmışdınız və bizə heç bir problem lazım deyil. Ona görə də sizi geri qaytarırıq” deyə cavab verdi. Çünki bir etap əvvəl bizlə birgə təqsirləndirilən Məhəmməd Heydərov məhkəmə zalında özünü lezva ilə doğramışdı və proses yarımçıq qalmışdı. Məhəmməd həmişə Etibara görə tutulduğunu deyirdi və onu harda görsə söyürdü. Buna görə də münasibətləri yaxşı deyildi, Məhəmməd ona kömək etməsini tələb edirdi, Etibar da kömək edəcəyini deyirdi”.
Dustaq Ə.Ağami qaçdıqları gün planı necə qurmaqlarından danışıb: "Həmin gün saat 17 radələrində məni yenidən vaqona qaytardılar, Etibarla Məhəmməd ordaydı. Qatar Şirvana çatanda dəhlizdəydim, Etibar kameradan başını çıxarıb hal-əhval tutdu, yol gedib gəlməkdən yorulduğumu dedim. Etibar dedi "istəyirsən deyim, gəl yumşaq döşəyin üstündə yat”, mən də razılaşdım. Bir az sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu kupeyə apardı, orada biz söhbət edəndə Etibar dedi ki, bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq. Onunla qaçmağı təklif etdi və "mən sənə söz vermişdim ki, azadlığa çıxmağına köməklik edəcəyəm, amma mən sənə qaçmaqla kömək edə bilərəm” dedi. Açarı da mənə göstərdi, onun təklifi ilə razılaşdım. Etibarda mobil telefon var idi, kimlərləsə danışırdı. Mənə dedi ki, həmin adamlar onu stansiyada maşınla qarşılayacaqlar. Sonra bələdçi otağının qapısını örtüb uyğun şəraiti gözlədik. Konvoyun əməkdaşları dəhlizdə gəzişirdilər”.
Əli Ağami qaçmasını etiraf etsə də, gizlənmək fikri olmadığını deyib və təslim olacağını öncədən planlaşdırdığını açıqlayıb: "Səhər saat 05 radələrində qatar Biləcəri stansiyasına çatana yaxın Etibar açarı çıxarıb 6 "zamok”la bağlanan pəncərəni açıb platformaya tullandı. Bu vaxt qatar dayandı, mən də ayaqlarımı pəncərədən çıxarıb yerə düşdüm. Hava işıqlı idi, amma bizi görən olmadı. Maşınla bizi gözləyəcək adamları tapmadım, gəzərək evlərin arasına girdik. Etibar telefonla danışdı, həmin adamlar gecikdiklərini dedilər. Biz bir taksiyə minib Etibar deyən istiqamətə getdik. Şadlıq sarayı olan yerdə düşüb bizi qarşılayacaq maşına mindik, vaqonda Etibarın yanında gördüyüm Günay adlı qadın da maşında idi. Maşını İsrafil Soltanov sürürdü, Aqil Nəcəfov isə qabaqda oturmuşdu. Etibar kiməsə zəng edib yola çıxmasını dedi, sürücüyə tapşırdı ki, Lökbatan qəsəbəsinə sürsün. Lökbatanda saqqallı bir oğlanı götürüb Hökməliyə getdik, Etibar dedi əvvəllər onunla türmədə yatan Familin evində qalacağıq. Biz elə onlara da getdik, sonra Aqillə İsrafil çıxıb getdilər. Axşam "Lada Priora” ilə Şirvan şəhərinə getdik, mən orda Etibardan ayrılıb evimizə tərəf getdim. Həyətimizdə qonşular var idi, ona görə qonşunun həyətindən keçib evimizə girdim. Valideynlərim təslim olmağımı istədilər, onlara bir neçə saat sonra təslim olacağımı dedim. Sonra otağa keçib işimin qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq dövlətə səslənən video müraciət çəkdim və aidiyyatı üzrə göndərdim. Ondan sonra valideynlərimə dedim ki, polisə zəng edib desinlər. Oktyabrın 26-sı günorta saatlarında Bakıdan gələn polislər məni evimizdən götürüb Bakı İstintaq Təcridxanasına gətirdilər”.
Hazırda həbsdə olan və Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edən Ağami bir neçə dəfə Fədayə Laçın və Günay Atakişiyevanın da onlarla birgə vaqonda getdiyini deyib: "Etibarın açarı hardan aldığını bilmirdim, heç soruşmamışdım da. Biz hər dəfə etap olunanda Etibarla birgə rəis Ceyhun Səmədovun xidməti otağında onunla söhbət edirdik, başqa dustaqlar da rəisin xidməti otağına gediridlər. Mənim Etibarla dostluğum qeyri-səmimi olub. Çünki onun etdiyi cinayətə görə həbsə düşmüşəm, amma özüm o cinayətdə iştirak etməmişəm. Etibar cinayəti törətdikdən sonra bəzi problemlərinin olduğunu deyib onun əvəzində bir neçə ay həbsdə yatmağımı istədi, daha sonra gəlib əməlini etiraf edəcəyini dedi, amma sözünün üstündə durmadı. Mənim qaçmaqda məqsədim o idi ki, evə gəlib həmin videonu çəkim. Biz vaqonda olarkən Etibarla şəkil çəkdirmişik, şəkilləri Etibarın tanışı, müğənni Fədayə Laçın öz telefonu ilə çəkirdi”. Qeyd edək ki, bu iş üzrə müğənni Fədayə Laçın, E.Məmmədovun tanışı Günay Atakişiyeva və Penitensiar Xidmətin vəzifəli şəxsləri həbs edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?