Avqustun 9-da bir qrup jurnalist və vətəndaş cəmiyyəti nümayəndələri 3 il əvvəl ağır xəsarətlər nəticəsində vəfat etmiş jurnalist Rasim Əliyevin qəbrini onun ailə üzvləri ilə birgə ziyarət edib.
2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən jurnalist, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Rasim Əliyev müalicə aldığı xəstəxanada avqustun 9-da vəfat edib. O, “Facebook” səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumları tərəfindən təhdid edilib və döyülüb.
Jurnalistin ölüm işi üzrə 6 nəfərin adı keçib. Onlardan 5 nəfəri Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.
C.Hüseynovun işi ayrıca icraata götürülərək Səbael Rayon Məhkəməsində baxılıb. 2015-ci il mayın 31-də Səbael Rayon Məhkəməsi C.Hüseynovu Cinayət Məcəlləsinin 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.
2016-cı il oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi Cavid Hüseynovu həbsdən azadlığa buraxıb.
Bu gün jurnalistin qəbri başında keçirilən anım mərasimində çıxışların əsas hədəfi hökumətin mediaya və jurnalistlərə qarşı təhdidləri olub.
“Rasim Əliyevi 3 il öncə itirmişik. Bu itkilər indi də davam edir. Bu günlərdə Mehman və Emin Hüseynovların anası rəhmətə getdi. Bu itkilər mübarizə itkisidir. Bunlar sadə insanlar deyil. Vətən, dövlət, cəmiyyət, ölkə uğrunda şəhid olmuş insanlardır. Bu insanları öldürənlər Azərbaycan xalqının düşmənləridir. Bu gün də bu davam edir. Biz görürük, hansı yırtıcı sistem cəmiyyətin üzərinə gəlir və mübariz insanlara qarşı güc tətbiq edir. Amma mübarizlər əzilmir. Mehman Hüseynov da anasının qəbri başında dedi ki, mübarizə yolunu davam etdirəcək. O, anasını demokratiya şəhidi kimi qəbul edir”, Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
Hüquq müdafiəçiləri Rasim Əliyevin ölümünə ədalətli hüquqi qiymət verilmədiyini bildirib.
“Jurnalistin ölümü ilə bağlı müəmmalar qalmadadır. Bu müəmmalar nə vaxtsa açılacaq. Ölkədə azad cəmiyyət qurulduqdan sonra azad məhkəmə Rasimin ölümü ilə bağlı ədalətli hüquqi qiymət verəcək”, hüquq müdafiəçisi Samir Kazımlı deyib.
Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov hesab edir ki, insan hüquqları ilə bağlı acınacaqlı durum yaranıb.
“Əvvəlcə jurnalistləri, QHT təmsilçilərini, sonra vəkilləri təhdid etdilər. İndi bir kəlmə danışanın cibinə külli miqdarda narkotik qoyurlar. İndi mən özüm də danışmağa qorxuram, evdən çıxmağa, kimisə tənqid etməyə qorxuram. Ümumi vəziyyət belədir”, o qeyd edib.
Hüquq müdafiəçisi Samirə Ağayeva RATİ-yə qarşı təhdidlərə diqqət çəkib.
“RATİ-nin 3 sədri olub. Onlardan Emin Hüseynov məcburi mühacirətə gedib, Rasim Əliyev qətlə yetirilib, Mehman Hüseynov isə həbsdədir. Gün gələcək RATİ-nin mühacirətdə və həbsdə olan rəhbərləri də Rasim Əliyevin məzarını ziyarət edəcək”, Ağayeva deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?