Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu il fevralın 16-ı səhər saat 9 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.
Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçiridikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib.
Məhkəmə prosesində şahid qismində ifadə verən taksi sürücüsü Yavər Məhərov bildirib ki, İrinanı dəfələrlə avtomaşınıla lazım olan yerə aparıb-gətirib. Onun sözlərinə görə, cinayət baş verən gün o rayonda olub : "İrina mənə maşın lazım olduğunu, yükünün ağır olduğunu dedi, mən isə Bakıda olmadığımı və gələ bilməyəcəyimi bildirdim".
İttiham aktına görə, Qorlova Rəhimovanı evini ələ keçirmək məqsədi ilə qətlə yetirib. Qeyd edək ki, təqsirləndirilən qadın ittiham üzrə özünü qismən təqsirli bilib. O, rəfiqəsini öldürdüyünü etiraf etsə də, evi ələ keçirmək ittihamını qəbul etməyib: "Məni bezdirmişdi, əsəbiləşib bıçaqla vurdum. Mənimlə mübahisə edirdi ki, niyə pul gətirmirsən, niyə içki almirsan". Proses davam edir. /median.az
Sorğu
Yeni dizaynımız necədir?