Bakının mərkəzində ərəb turistlər gözə az dəyirlər. Onların seyrəkləşməsinə səbəb Qurban bayramı günləri olmasıdır yoxsa havaların getdikcə sərinləşməsidir, söyləmək çətindir.
Hər halda Qurban bayramının ikinci günündə, şəhərin mərkəzində ərəb turistlər tək-tük qarşımıza çıxırdılar.
Sentyabra doğru onların sayının azalacağı gözlənilir. Azərbaycanlı iş adamları isə restoranların reklam siyasətini ərəblərə uyğun qurmaqda davam edirlər.
Nizami küçəsində bir fincan çayı 10 manata təklif edən kafelər, sayı artmaqda olan hostellər rastımıza çıxmaqdadır. Onlar qış aylarında, xüsusən də Yeni il ərəfəsində Bakıya turist axını olacağını hesablayıblar.
Payız aylarında isə ərəblərin Bakıda getdikcə azalacağı bildirilir. Onlar əsasən İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanından olanlardır.
Ümumən Azərbaycanda turistlərin avanqardı ərəblərdir. Rus və iranlı turistlər sonrakı sıradadırlar. Avropalı turist isə həddindən azdır. Gürcülər bizi bu faktorda çox qabaqlayıblar.
Restoran işlədənlər, otellərdə çalışanlar, taksi şoferləri isə deyirlər ki, ərəb turistlərin hava şəraiti ilə əlaqədar azalmağa doğru getməsi yerli camaaatı sevindirsə də, onların ürəyincə deyil. Çünki yaxşı pul xərcləyən ərəb turistlərdirlər.
İndi Bakıda qalan əsasən cavan ərəblərdir. Onlar əyləncə axtarışındadırlar. Ailəvi istirahətə gələnlər isə ölkələrinə qayıdırlar. Həm iş başlayır, həm yay mövsümi bitir.
“Ala, bu ərəblərdən hər ay meyiti ölkəsinə gedən olur. Gəlirlər burda içirlər, dozalı dərmanlar qəbul edirlər, sonra otellərdən cəmdəyləri çıxır. Bunlara biri başa salmır ki, belə görməmişilik olmaz.
Siz indi nə görmüsünüz, biz gecə yarısına qədər müştəri daşıyırıq, ərəb turistlərin və bizim o bəzi qızların nə oyunlardan çıxdıqlarını görürük. Ala nə bilim e, danışmalı döyül, Bakını nə günə qoyublar”,- deyə taksi sürücüsü Əşrəf gileylənir.
Əşrəfə qoşulan həmkarı Zakir deyir ki, ərəb gəlir, xoş gəlir, qonaqdır, adam balası kimi özünü aparsın, normal dincəlsin: “Bizə də xeyirdir, otelə də, restorana da. Bəyəm başqa ölkələrə turistlər getmirlər?
Heç gör Türkiyədə, Gürcüstanda ərəb turistlər belə biabırçılıq edirlər? Biri kirayələdiyi evi tar-mar edib gedir, biri oteldə dərmandan ölür, biri Şəkidə hovuzun içini murdarlayır.
A kişi gürcü də, türk də bizdən çox turist qəbul edir, heç onlarda belə hadisələr olmur. Deməli, özümüzün də təşkilatçılıqda səhvimiz var, ərəbə Azərbaycan haqda nəyisə düz izah etməyiblər. Şəhərin mərkəzinə gecə çıxmaq olmur, “Torqovı” başdan ayağa qədər…əşi nə isə”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?