Avqusutun 31-də Bakının Nəsimi Rayon Məhkəməsi Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov barəsində həbs qətimkan tədbirinin 3 ay 18 gün uzadılmasına dair istintaq orqanının təqdimatını təmin edib. Məhkəmə Saleh Rüstəmovun qardaşı oğlu Valeh Rüstəmlinin barəsində də həbs qətimkan tədbirinin dekabrın 18-dək uzadılması barədə qərar çıxarıb.
Bu barədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov məlumat verib.
Qardaşının dediyinə görə, S.Rüstəmova və onun qardaşı oğlu Vidadi Rüstəmliyə hələ də qohumları ilə görüşə və telefonla danışmağa imkan verilmir.
S.Rüstəmovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə zamanı təqsiriləndirilən şəxs həbs müddətinin uzadılması ilə razılaşmayıb və bildirib ki, özünü müqəssir saymır.
Müdafiə tərəfi S.Rüstəmovun və qohumlarının hüquqlarının pozulmasından şikayət hazırlayır.
S.Rüstəmov və V.Rüstəmli may ayında narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub.
Lakin mayın 26-da Azərbaycan Baş Prokurorluğu S.Rüstəmovun və V.Rüstəmlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovla birlikdə AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" işi üzrə həbs olunduğunu bildirib.
Həbs olunanlara qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pulların yuyulması ittihamları irəli sürülüb.
AXCP qanunsuz maliyyə əldə etməsi barədə ittihamları rədd edib.
Hüquq müdafiəçiləri bu iş üzrə həbs olunanları "siyasi məhbus" kimi tanıyıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?