İyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin binası önündəki meydanda keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan jurnalist Natiq Həziquliyev sərbət buraxılıb.
Bu barədə jurnalist Natiq Həziquliyev özü məlumat verib.
O bildirib ki, aksiya zamanı saxlanılan zaman Polis İdarəsinə aparılıb, orada isə fotoaparat vasitəsilə çəkdiyi fotolar və telefonla çəkdiyi videolar polis əməkdaşları tərəfindən silinib.
"Məni İdarəyə aparandan sonra polislər əlimdən fotoaparat və telefonumu zorla alaraq, içərisindəki materialları sildilər. Sonra isə mənə xəbərdarlıq edildi ki, mitinq qanunsuz olduğu üçün onu çəkə və yaya bilmərəm”.
Xatırladaq ki, iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin binası önündəki meydanda icra başçısı Elmar Vəliyevə etiraz aksiyası keçirilib.
Aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma yaşanıb. Polis etirazçıların qarşısını almağa çalışıb. Bir qrup etirazçı isə özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Bu zaman iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov etirazçılar tərəfindən bıçaqlanıblar.
Polis zabitləri etirazçıların kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak olublar.
Qarşıdurma zamanı onlarla etirazçı da xəsarətlər alıb. Polis aksiyanı dağıdaraq, 50-dən çox etirazçını saxlayaraq Gəncə Şəhər Baş Polis İdarəsinə aparıb. Onlarla etirazçı isə polis tərəfindən axtarışa verilib.
Aksiya zamanı peşə fəaliyyətini icra edən tanınmış jurnalist Natiq Həziquliyev də polis tərəfindən saxlanılıb./miq.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?