Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi Hacımurad Sadəddinov ifadə verib.
O deyib ki, qardaşı Azər Sadəddinov hadisə nəticəsində yanaraq dünyasını dəyişib:
“Qardaşım ailəsi tərəfindən oraya yerləşdirilmişdi. Alkoqol alüdəçiliyindən əziyyət çəkirdi”.
Sübhan Quliyev də bildirib ki, qardaşı mütəmadi spirtli içki qəbul etdiyi üçün Narkoloji Mərkəzə yerləşdirilib:
“Xəstəni oraya yatırmaq üçün Azad həkimə 450 manat pul verdik. Pulsuz xəstələri qəbul etmirdilər. Bu pulu müalicə xərcləri adı ilə alırdılar”.
Dispanserdəki yanğının yeni təfərrüatı: Kimsə qışqırdı ki, Mamed otağı yandırdı Zərərçəkmiş şəxsin hüquqi varisi Rübabə İsmayılova qeyd edib ki, qardaşı mərkəzdə yanğın zamanı həlak olub:
“Orada qapını bağlayıblar və xəstələri qəsdən içəridə saxlayıblar. Çünki qardaşım ola bilməzdi ki, oradan çıxa bilməsin. Bu işdə günahkarlar kimlərdirsə, cəzasını almalıdırlar. Anlaqsız vəziyyətdə olan xəstələrə niyə nəzarət olunmayıb?!”
Abdulla Əkbərov isə Tərlan adlı oğlunun mərkəzdə yandığını deyib. A. Əkbərov orda xəstələrin saxlanma şəraitindən şikayət edib:
“Türmə oradan yaxşı idi. Ora xəstəxana yox, heyvan tövləsi idi. Şərait çox bərbad idi. Ona görə də belə hadisə baş verdi”.
Proses sentyabrın 14-də davam etdiriləcək. /oxu.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?