Bakı Apellyasiya Məhkəməsində qeyri-rəsmi münasibətdə olduğu Gülnarə Sadıqovanı öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Fərhad Şaqalıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, F. Şaqalıyevin apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Fərhad Şaqalıyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Şaqalıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2017-ci il oktyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində paytaxt sakini Fərhad Şaqalıyev qeyri-rəsmi nikah münasibətlərində olduğu 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə vaxtı o, sərxoş olub.
Bir müddət əvvəl o, tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, iki uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən onların arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə zamanı Fərhad Şaqalıyev sevgilisini döyüb. Yerə yıxılan qadının söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub. Hadisə Gülnarə Sadıqovanın azyaşlı oğlunun gözü qarşısında baş verib.
Qətldən sonra Fərhad Şaqalıyev azyaşlı uşağı da götürərək, Sabunçu rayon Polis İdarəsinə gəlib. O, könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib./oxu.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?