Bakı Ağır Cinayətlər Məhkəməsində dörd nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, E. Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib. Şahid qismində Tahir Səfərov ifadə verib.
O, qəza baş verən zaman həmin yolda avtomobil idarə etdiyini deyib:
“KamAZ”ın arxasınca hərəkət edirdim. Məsafəmiz 100 metr olardı. Mən qarşıdakı avtomobilin “stop”larının yandığını gördüm. Bu zaman qabağım toz-duman oldu, işıqları söndü. Maşını sağa çəkib saxladım. Qarşıdakı “KamAZ”ın qoşqusuna maşın çırpılmışdı. Polisə məlumat verdik. Maşında bir nəfər sağ idi. Onu çıxarmağa kömək etdi”.
Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “KamAZ” markalı qoşqulu yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı maşının sərnişinlərindən dörd nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu dünyasını dəyişib.
Bundan başqa, qəzada iki nəfər də yaralanıb. Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.
Qəza zamanı yalnız “KamAZ”ın sürücüsü ilə mikroavtobusun sürücüsü, Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb.
Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş./oxu.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?