Bakı Apellyasiya Məhkəməsində hüquqşünas Aslan İsmayılovun 1 il 6 aylıq islah işlərinə məhkum edilməsi barədə Səbail Rayon Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayətinə baxılıb.
A.İsmayılov iş adamı, “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənlinin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) islah işlərilə cəzalandırılmışdı. Hər iki tərəf hökmdən apellyasiya şikayəti verib. M.Həsənli şikayətində cəzanın ağırlaşdırılmasını, A.İsmayılov isə bəraət istəyib.
Prosesdə A.İsmayılov iclasın videoçəkilişinə icazə verilməsi barədə vəsatət qaldırıb. O həmçinin xüsusi ittihamçı M.Həsənlinin də məhkəməyə gəlmədiyini vurğulayaraq, onun iştirakı olmadan işə baxılmasına etiraz edib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.
A.İsmayılov etiraz olaraq, məhkəmə zalını tərk etsə də, proses davam etdirilib. M.Həsənlinin nümayəndəsi Sahil Quliyev deyib ki, A.İsmayılov iş adamını “dələduz” adlandırmaqla, onu ağır cinayətdə ittiham edib: “Bu gün də sosial şəbəkələrdə, çıxışlarında eyni ifadəni işlədir. Biz hökmün ləğv edilməsini və Aslan İsmayılova 3 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş edirik”.
Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəflərin şikayətlərinin təmin olunmadığını, hökmün qüvvədə saxlandığını elan edib.
Qeyd edək ki, son aylarda A.İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə iki hökm çıxarılıb. Digər hökm Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında çıxarılıb və hüquqşünas onu əhqir etməkdə təqsirli bilinərək 1500 manat cərimələnib.
Bundan əlavə, Binəqədi Rayon Məhkəməsində də A.İsmayılov barəsindəki cinayət işi üzrə məhkəmə gedir. Hüquqşünas CM-in 221.1 (xuliqanlıq) maddəsilə ittiham olunur. A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda suçlanır.
Həmin cinayət işiylə əlaqədar istintaq və məhkəmə dövrü üçün hüquqşünasın barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Hüquqşünas bu ittihamı da qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: “İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır”.
A.İsmayılov haqqındakı bütün bu məhkəmə işlərinin bəzi məmurların ünvanına səsləndirdiyi tənqidlərə görə sifarişlə qaldırıldığını deyir.1
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?