"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxlərin tam dairəsi müəyyən olunub. Bu günədək 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs olunub, 11 nəfər barəsində axtarış elan edilib".
Bu barədə sentyabrın 28-də jurnalistlərin sualının cavabında baş prokuror Zakir Qaralov bildirib.
Onun sözlərinə görə, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib.
"Bəzi cinayətkarların yerləri də müəyyən edilib, onların ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənardan qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq", o qeyd edib.
Bu il iyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Nəticədə Elmar Vəliyev və polis serjantı ağır bədən xəsarəti alıb və hazırda müalicəsi davam etdirilir.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Fakt üzrə Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisələrdən sonra hüquq mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmayaraq silahlı müqavimət göstərən 6 şəxsin öldürüldüyü bildirlir.
Sorğu
Yeni dizaynımız necədir?