Oktyabrın 1-də iki nəfərin ölümü ilə nəticələnən yol qəzasının baş verdiyi Binə qəsəbəsində sakinlər narahatdır.
Binəlilərin narahatlığı ondandır ki, belə qəzalar təkrarlana bilər.
Bu qəza həm də onu üzə çıxardı ki, bu yolların çox təhlükəli olduğunu azı iki ildir ki, qəsəbə sakinləri rəsmi qurumlara da bildirirmişlər.
18 ildir bu qəsəbədə yaşayan Yadigar Kərimov deyir ki, bu yollarda ölümlə nəticələnən çox qəzaların şahidi olub. Elə təxminən bir ay öncə də kəndin ağsaqqallarından birini ara küçədə maşın vurub, həyatını xilas etmək mümkün olmayıb. Elə onun yas məclisindəcə kəndin sakinləri müraciət imzalayıb prezident İlham Əliyevə, xanımı - birinci vitse-prezident Mehriban Əliyevaya və Daxili İşlər Nazirliyinə yollayıblar. Xahiş ediblər ki, rəsmilər onların yol dərdinə əlac qılsın.
Sakinlərin dediyinə görə, bu azmış kimi üstəlik səriştəsiz birisi bu yollarda maşın sürəndə qəzalar qaçılmaz olur.
Qatarla toqquşan 160 saylı avtobusun sürücüsü Əlixan Şirəliyev artıq saxlanıb. İndi qəzanın kimin ucbatından baş verdiğini istintaq araşdırır. Bəs əgər sakinərin yollardan şikayəti vaxtında araşdırılsaydı bu qəzadan dyan keçmək olardımı?
Bakı şəhər Yol Polisi idarəsinin mətbuat xidmətin rəhbəri Vaqif Əsədov deyir ki, onlara sakinlərdən müraciətin daxil olub-olmamasından məlumatsızdır. Amma onu da deyir ki, yolda qəza baş verirsə, bunun günahını nişanın yoxluğunda axtarmaq düzgün deyil.
"Deyək ki nişan yoxdur. Bəs sürücü hara baxırdı? Sürücü gün ərzində 10 dəfə ordan keçir, oranı əzbər tanıyır" -deyə o bildirir.
Vaqif Əsədov onu da deyir ki, hadisə baş verən əraziyə də, ətraf ərazilərə də baxış keçiriləcək, ərazidə yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün bütün ehtiyat tədbirləri görüləcək.
Qəsəbə sakinləri isə ümidlidirlər ki, bu tədbirlər görülənədək bu yollar daha bir can almayacaq./AzadlıqRadiosu
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?