İnsan alverində ittiham olunan 1966-cı il təvəllüdlü Xanım İsmayılovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Xanım İsmayılovanın cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanım İsmayılova 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xanım İsmayılova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Məlum olub ki, o, bir qrup şəxslə əlbir olaraq insan alveri ilə məşğul olub. Onlarıın Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə apararaq həmin şəxsləri fahişəliyə cəlb etmələri müəyyənləşdirilib.
İstintaq sənədlərinə görə, Xanım İsmayılova qadın alveri ilə məşğul olan dəstənin başçısı olub. Azərbaycan vətəndaşı olan qadınları aldadaraq Türkiyəyə aparıb, orada onların rəsmi sənədlərini əllərindən alıb.
Xanım İsmayılova zərərçəkmişləri əvvəlcə otel və xüsusi hazırlanmış mənzillərdə yerləşdirib, daha sonra həmin qadınların rəsmi sənədlərini alaraq cırıb. Beləliklə, qadınlar Xanım İsmayılova və onun dəstə üzvlərindən asılı vəziyyətdə qalıb.
Xanım İsmayılova onlara pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmağı təklif edəndə əvvəlcə qadınlar təkliflə razılaşmayıblar. Belə olan halda Xanım İsmayılova və onun cinayətkar birlik üzvləri qadınlara hədə-qorxu gəliblər, zorla müştərilərlə cinsi əlaqədə olmağa məcbur ediblər.
Zərərçəkmiş qadınlar Azərbaycana qayıdandan sonra Türkiyədə baş verən insan alveri faktı ilə bağlı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
İdarədə aparılan araşdırmalar zamanı Xanım İsmayılovanın insan alveri faktı törətməsi təsdiq olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Xanım İsmayılovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmək), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib./teleqraf.com
Sorğu
Yeni dizaynımız necədir?