Ekspert bildirir ki, Bakı ətrafındakı yaşayış ərazilərinin kanalizasiya sistemi 10 ilədək vaxt, 10-11 milyard manat vəsait tələb edir
Bakı şəhərinin kanalizasiya sistemi ilə əhatə səviyyəsi müasir dünya standartlarından xeyli geri qalır. Xüsusilə paytaxtın ətrafında yerləşən qəsəbələrdə, onlara yaxın ərazilərdə salınan yeni yaşayış sahələrində kanalizasiya ən ciddi problemlərdən biridir.
Yüz minlərlə evin tullantı suları həyətlərdə qazılmış quyulara axıdılır. Bu isə müxtəlif ərazilərdə qrunt sularının səviyyəsinin artmasına, torpağın aşınmasına səbəb olur. Təsadüfi deyil ki, son illərdə Bakının bütün sürüşmə zonalarında aktivləşmə qeydə alınıb. Nəzərə alsaq ki, son illərdə iqlim şəraitində ciddi dəyişikliklər qeydə alınıb, yağıntıların miqdarı azalıb, onda sürüşmə zonalarındakı bu aktivləşmənin əsas səbəblərindən biri kimi yeraltı suların səviyyəsinin artmasının çıxış etdiyini təbii qarşılamaq lazımdır. Bu günlərdə Badamdarda baş verən sürüşmə göstərdi ki, torpağa axıdılan sular itmir, əksinə, toplanaraq zəif nöqtələrdən “vurur”.
Bakı şəhərində kanalizasiya sisteminin tarixi XX əsrin əvvəllərindən başlayır. Bakıda kanalizasiya sisteminin yaradılmasına çar Rusiyası dövründən cəhd edilsə də, buna nail olunmayıb. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra kanalizasiya problemi aktuallaşıb. 1923-cü ildə Bakı Sovetinin tərkibində texniki-kanalizasiya bürosu yaradılıb, tanınmış mühəndis Mark İosifoviç Atlasın “Ayrılmış kanalizasiya sistemi” layihəsi əsasında 1924-cü ildə tikinti işlərinə başlanıb. Beləliklə, 1930-cu ildə Bakı şəhərinin ilk mütəşəkkil kanalizasiya sistemi qurulub. Təxminən 40 ildən sonra, 1972-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınaraq, Bakının “Böyük kanalizasiya” layihəsi işlənir və qısa müddətdə tikinti işlərinə başlanılır. Bu müddətdə Hövsan Aerasiya Stansiyası, 1, 2, 3 və 4 saylı kanalizasiya nasos stansiyaları, “Sənaye zonası”, “Şəhərkənarı-Tunel” və “Sahil” tunel kollektorları tikilib istifadəyə verilir. Bunların nəticəsində Bakıda yaranan çirkab suların 85 faizə yaxını toplanaraq təmizləyici qurğularda təmizləndikdən sonra dənizə axıdılır. Lakin 1991-ci ildə maliyyə çatışmazlığı üzündən “Böyük kanalizasiya” layihəsi üzrə tikinti işləri yarımçıq dayandırılıb. Yalnız 2006-2007-ci illərdə paytaxtın kanalizasiya şəbəkəsində yenidənqurma layihələrinə start verilib. “Azərsu” ASC-nin məlumatına görə, bu işlər çərçivəsində həyata keçirilən ən böyük layihə “Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi” layihəsi olub. Bu işlər Fransa hökumətinin ayırdığı 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44,9 milyon manat vəsait hesabına görülüb. Nəticədə Hövsan Təmizləyici Qurğular Stansiyasının məhsuldarlığı 480 min kubmetr/sutkadan 640 min kubmetr/sutkaya qədər artırılıb.
Hazırda Bakı şəhərində ayrılmış kanalizasiya sistemi mövcuddur. Kanalizasiya şəbəkəsi çox az keramik, beton, asbest-sement, çuqun, dəmir-beton borulardan və tunel şəkilli kollektorlardan ibarətdir. Təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1500 kilometrdən bir qədər artıqdır. Bundan başqa, Bakı şəhərində ümumi uzunluğu 156 kilometr olan yağış kanalizasiya xətləri mövcuddur.
Ümumilikdə gün ərzində kanalizasiya xətlərindən axıdılan tullantı sularının həcmi 1 milyon kubmetrdən çoxdur. Bakı şəhərində mövcud olan 72 kanalizasiya nasos stansiyasının sutkalıq məhsuldarlığı 1 milyon kubmetrə yaxındır.
Bir neçə il əvvəl “Azərsu” ASC tərəfindən “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ”Böyük Bakının Regional İnkişaf Planı", Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. ASC bildirir ki, 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.
Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılıb. Belə ki, su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan 2 mərkəzi su nasos stansiyası layihələndirilib.
Kanalizasiya sistemində Abşeron yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi layihələndirilib.
ASC-dən kanalizasiya sistemində həyata keçiriləcək işlərin ümumi dəyərini açıqlamasalar da, müxtəlif zamanlarda bununla bağlı ekspert rəyləri səsləndirilib. Bu rəylərdə Bakı və ətrafının keyfiyyətli kanalizasiya xidməti ilə tam əhatə olunması üçün bir neçə on milyard manatın tələb olunduğu qeyd edilir. Hətta bəzi eksperlət söhbətin 40 milyard manatın üzərində olan rəqəmdən getdiyini iddia edirlər.
Lakin məsələ ilə bağlı “Yeni Müsavat”a danışan mütəxəssisin dediyinə görə, əslində belə şişirdilmiş rəqəmlərin səsləndirilməsi bu məsələdə marağı olan tərəflərin işidir: “Kanalizasiya tikintisi həqiqətən çox vəsait tələb edən sahədir. Lakin deyildiyi qədər də yox. Bakının yerləşdiyi ərazi imkan verir ki, çirkab suları öz axını ilə axması şərtilə dəniz kənarında yaradılacaq təmizləyici qurğulara ötürülsün. Burada əsas məsələ çirkab suların toplanaraq ötürülməsi üçün xəttin çəkilməsidir. Bu gün əsas problem Bakı ətrafındakı qəsəbələrdə və yeni salınan yaşayış məskənlərindədir. Onların mərhələli şəkildə kiçik təmizləyici qurğulara yönləndirilməsi mümkündür. Bu gün Bakıda əsas ağırlıq Hövsandakı qurğunun üzərindədir. O, çox böyük qurğudur. Belə iri qurğulardansa, xırda və mobil qurğuların quraşdırılmasına üstünlük verilməlidir”.
Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən müsahibimiz deyir ki, bu gün Bakıda əsas güc su təchizatı məsələsinə yönəldilib: “Yeni-yeni ərazilərə su çəkilir, bu, çox yaxşı. Amma kanalizasiya sistemi olmayan ərazilərə verilən suyun bir çıxacaq yeri də olmalıdır axı. Hamıya elə gəlir ki, torpaq suyu birdəfəlik udur. Belə deyil axı. Torpağa axıdılan sular hardansa qayıdıb üzə çıxmalıdır. Bakının bir sıra rayonlarında çökək ərazilər var ki, digər yerlərin suları da ora axır. Sabunçu, Suraxanı və sair. Təbii maililik nəticəsində quyulara axıdılan sular bu ərazilərdə toplanır, bir qədər yağış yağan kimi üzə çıxır. Yaxud da torpağın alt qatlarını aşındırır, üst hissədə ağırlıq artan kimi sürüşmə baş verir”.
Ekspert bildirir ki, Bakı ətrafındakı yaşayış ərazilərinin kanalizasiya sistemi ilə əhatə olunması on ilədək vaxt, indiki qiymətlərlə hesabladıqda, 10-11 milyard manata yaxın vəsait tələb edir: “Bir zamanlar Bakının elektrik şəbəkəsinin müasirləşdirilməsi üçün də eyni qaydada on milyardlarla manatın tələb olunduğunu deyirdilər. Amma özəl şirkət gəldi və bu işi 500-600 milyon manata rahatlıqla icra elədi. Buna görə də kanalizasiya sistemi üçün də özəl sektorun yatırımlarından istifadə edilməlidir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?