Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə davam etdirilən prosesdə təqsirləndirilən Şahmar Bəyəlizadənin vəkili Rəna Məmmədova çıxışı edib. Müdafiə çıxışında vəkil müvəkkilinin günahsız olduğunu deyib. Vəkil deyib ki, Şahmar "Qoca" ləqəbli Etibar Məmmədovu əvvəllər tanımayıb.
"Etibar Məmmədovu Şahmarın evinə İlqar adlı şəxs gətirib və ondan dərman almasını xahiş edib. Şahmar isə dərmanı alandan sonra İlqar qonağını onunla birgə yola salmaq istəyib. Yolda gedən zaman atışma düşüb və Etibar maşının baqajından çıxıb güllə atıb" - deyən vəkil müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Bu iş üzrə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyevin vəkili isə çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin həbsdə olduğu müddətin hesablanıb, məhkəmə zalından azadlığa buraxılması istəyib. Daha sonra Günay Atakişiyevanın vəkilləri çıxış edib. Müdafiəçilər Günayın vərəm olduğunu söyləyib və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər. Polkovnik Bəhruz Abdullayevin vəkili Ziyad Abbaszadə də müdafiə çıxışında müvəkkilinin günahsız olduğunu qeyd edib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Növbəti məhkəmə iclası noyabrın 26-na təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında müğənni Fədayə Laçının 6 il, Əli Ağaminin 20 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, "Qoca"nın tanışları və ona qaçmaqda kömək edənlər - Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Ə.Ağamiyə bu iş üzrə 11 il cəza istəyib, o, qətldə təqsirləndirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Buna görə cəzalar birləşdirilməklə ona ümumi 20 il cəza istəyib.
Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həbs edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?