MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov yenidən hakim qarşısına çıxarılır.
Onlar aldıqları cəzanın azaldılmasını və ya həbsdən buraxılmalarını istəyirlər.
Bu məqsədlə apellyasiya şikayəti veriblər.
İşə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olmuş polkovnik Füzuli Əliyev çıxış edib.
F.Əliyev deyib ki, zərərçəkən Rauf Həsənov 200 min pul verdiyini iddia edir. Amma onun bu işdən xəbəri yoxdur: "Rauf Həsənovun pul verdiyi şəxs indi də Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində işləyir. Məni isə həmin işdən xəbəri olmadığı halda cəzalandırırlar".
Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilən Füzuli Əliyev çıxışında bildirib ki, onların işi üzrə zərərçəkmiş qismində tanınıb, sahibkar kimi təqdim olunanların heç biri qanuni sahibkarlıqla məşğul olmayıb.
Onun sözlərinə görə onlara qarşı haqsızlıq edilib: “İstənilən obyektiv hüquqşünas baxsa, görər ki, bizim işimizdə çox haqsızlıq var. Acından ölən, hamıya borcu olan adamı sahibkar kimi təqdim eləyiblər ki, guya biz onlardan pul almışıq. O zərərçəkənlərin bir hissəsi ya “obnaliçka” ilə - dövlət büdcəsini talamaqla məşğul olan adamlar olub, ya da qaçaqmalçılıqla qızıl-brilyant, telefon gətirənlər. Aralarında dələduzluqla məşğul olan, ermənilərlə işbirliyində şübhəli bilinən bir neçə nəfər də vardı. Onlarla bağlı şəxsi məlumatlara baxsanız görərsiniz ki, əksəriyyəti məhkum olunub, bir hissəsi indi də həbsdədir. Aralarında bizdən sonra həbs olunanlar da var. Biz qanuni sahibkarlıqla məşğul olan heç kimin maraqlarına toxunmamışıq. 2014-cü ildə bizə tapşırıq verildi ki, ölkədə büdcə vəsaitlərinin müxtəlif şəxslərin, formal şirkətlərin vasitəsilə nəğdləşdirilib ələ keçirilməsinin qarşısı alınsın. Məlum oldu ki, bu prosesin arxasında da böyük qüvvələr dayanırdı. Bir tərəfdə qüdrətli dövlət təşkilatları, o biri tərəfdə qüdrətli sahibkarlar. Zəif halqa ortadakı vasitəçi maklerlər idi”.
Füzuli Ələkbərov ona verilən cəzadan qorxmadığını deyir: "Zərərçəkənlər arasında gəmi təmiri ilə məşğul olan “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənov da var. Xatırladım ki, apellyasiya şikayətində 400 min manat ziyanın ödənilməsiylə yanaşı, həm də MTN əməkdaşlarının cəzasının ağırlaşdırılmasını tələb edir. İddia edir ki, vaxtilə MTN-ə şərikinin əməllərindən şikayət edib, son nəticədə onu özü və oğlunu həbs etməklə hədələyib, 400 min manatını alıblar. Bu adam “əməkdar zərərçəkmiş”dir. Mənə 14 ildən artıq nə verəcəklər, güllələnmə? Birinci instansiya məhkəməsində də ona dedim ki, sən mənə pul vermisən? Həm kişi kimi, həm də zabit kimi şərəfimə and içdim ki, mən bu adamdan nə pul istəmişəm, nə də almışam. Üzünə dedim ki, dörd dəfə Həccə getməyindən danışırsan, amma şərikinə şər-böhtan atırsan. Bu adam Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözüylə dövlətinə, prezidentinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah... Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər”.
Füzuli Ələkbərov digər epizodlar üzrə də danışıb: "Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olduğunu deyən zərərçəkmiş Rauf Həsənov da iddia edir ki, mən onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb, həbs olunmamasından ötrü 100 min dollar pul istəmişəm. İki-üç həftə keçsə də pulu düzəldə bilməyib, hüzr mərasimindən qayıdanda onu tutub MTN-ə gətirmişik. Müstəntiq Yasin Məmmədov ondan 500 min pul istəyib, son nəticədə 300 min alıb. Rauf Həsənovun brilyant qaçaqmalçılığıyla məşğul olması barədə məlumat əsasında əməliyyat tapşırığı vardı. İcra edərək, onu tutub gətirib istintaqa – müstəntiqə təhvil veriblər. Bundan sonra o işdən xəbərim olmayıb. Əməliyyatçıların istintaqa müdaxiləsi mümkün deyildi. Adam deyir ki, pulu məndən Yasin Məmmədov tələb edib, ertəsi gün də ona aparıb vermişəm, hətta bir qədər sonra zəng eləyib, puldan 200 dollar əskik olduğunu deyib, onu da vermişəm. Zorla bu epizodu bizim üstümüzə yükləyiblər. Allah göydən baxır axı. İş materiallarında olan telefon zənglərinin çıxarışı isə göstərir ki, onların arasında dəfələrlə telefon danışığı olub. Məhkəmədə də ona dedim ki, pulu Yasin Məmmədova verdiyini bildirirsən, məndən nə istəyirsən? Deyir ki, sən tutub aparmasaydın, o da pulumu almazdı...”.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib./musavat
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?