"Əfqan Muxtarlı həbsdə telefon danışıqlarının dinləndiyini bildirir".
Bunu "Turan" agentliyinə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva deyib.
Leyla Mustafayevanın sözlərinə görə, bu haqda ona Əfqan Muxtarlı özü danışıb.
"Deyir ki, cəzaçəkmə müəssisəsinin əməkdaşı onun nömrə yığmasına belə imkan vermir. Danışıq zamanı yanında dayanır, onun mənimlə, zəng etdiyi başqa yaxınları ilə danışdıqlarını dinləyir. Həm də Əfqan danışmaq istəyəndə nömrəni cəmi bir dəfə yığırlar, nömrə cavab verməzsə, təkrar zəng etməsinə imkan vermirlər", - Leyla Mustafayeva deyib.
Leyla Mustafayevanın vurğulamasına görə, Əfqan Muxtarlıya başqa ailə üzvləri, habelə qanunvericiliyin imkan verdiyi yaxınları ilə danışmasına da icazə vermirlər.
"Onunla belə rəftar edilməsindən, telefon danışığına məhdudiyyətlərdən Ədliyyə Nazirliyinə bir neçə dəfə şikayət də yazıb. Ancaq 16 Saylı Cəzaçəkmə Müəssisəsi rəhbərliyi şikayətlərin göndərilməsinə problem yaradır", - deyən Leyla Mustafayevanın iddiasına görə, Əfqan Muxtarlıya siyasi məzmunlu ədəbiyyat verilməsi də yasaq edilib.
Əfqan Muxtarlı Penitensiar Xidmətdən, habelə 16 Saylı Cəzaçəkmə Müəssisəsindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb. Ancaq Penitensiar Xidmət rəsmiləri bundan əvvəl oxşar şikayətlərdə ifadə edilən iddiaları rədd ediblər. Üstəlik, Əfqan Muxtarlı bundan öncə də oxşar şikayətlə Ombudsman Elmira Süleymanovaya da müraciət etmişdi. Ombudsmanın cavab məktubunda da vurğulanırdı ki, rəsmi qurumlar Əfqan Muxtarlının hüquqlarının məhdudlaşdırılması və ona təzyiqlərlə bağlı deyilənləri qəbul etmirlər.
Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarını tənzimləyən yerli qanunvericiliyə görə, onlar həftədə azı iki dəfə istədiyi şəxslərlə 15 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir. Bundan başqa, qanunvericilik həmin danışıqların dinlənilməsinə qadağa da qoyur.
Leyla Mustafayeva həyat yoldaşı Əfqan Muxtarlının pasportunu nümayiş etdirir (Foto JMK-nin saytındandır) Xatırlatma
Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci ilin mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib.
Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlının həbsini pisləyərək, Azərbaycan hökumətini onu azadlığa buraxmağa səsləyiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?