Mərasimə 300 min manatdan çox vəsait xərcləndiyi haqda da məlumatlar var
“Mənim günahsız olduğumu hamı bilir. Sadəcə, məmur övladlarının günahının cəzasını mən çəkirəm. Arif Əsgərovun oğlunun, icra başçısının oğlunun oyunlarına görə mən həbs edilmişəm. Elnar Əsgərov ölkəyə gətirdiyi malı dəfələrlə baha qiymətə dövlətə satıb. Mənim adımdan ayrı-ayrı şəxslərdən milyonlar alaraq faiz verib. Arif Əsgərov bu işlər başlayandan zərərçəkmişlərə 40 milyon ödəyib. Mən isə heç bir günahım olmadan həbsdəyəm. Məmur övladları öz imkanlarından istifadə edib məni günahkar çıxardılar. Onlar indi kef edir, mən isə gün sayıram. Bu işlər 2013-cü ildən davam edir. Günahım olsaydı, o zamandan həbs edilərdim. İndi də azadlığa çıxardım. Mən Apelyasiya Məhkəməsində dəmir yolu idarəsində milyonların neçə ələ keçirildiyini sənədlərlə ortaya qoyacağam. Bu qədər haqsızlıq, özbaşınalıq olmaz. Elnar Əsgərovla Qoşqar Zeynalov bacanaqdır. İndi onlar düşmən olub deyə, cəzasını mən çəkirəm. Məhkəmədən barəmdə bəraət hökmü çıxarmasını istəyirəm” - bu sözləri məhkəmədəki son çıxışında Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov deyib. Bundan sonra məhkəmə Rahib Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxarıb.
“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Rahib Hüseynovun işi üzrə proses sona çatmaq üzrə olduğu günlərdə, dekabrın 25-də Arif Əsgərov oğlu Azər Əsgərova dəbdəbəli toy edib. “Buta Palace”də düzənlənən toy məclisinə xaricdən müğənnilər dəvət olunub. Məclisdə sabiq nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, hazırda vəzifədə olan şəxslər də iştirak ediblər. Toy məclisinə 300 min manatdan çox vəsait xərcləndiyi haqda da məlumatlar var. Qeyd olunur ki, Arif Əsgərov toy məclisinə oğlunu həbs etdirdiyi baldızının qohumlarını dəvət etməyib.
Yada salaq ki, Rahib Hüseynov məhkəmədə günahsız olmasının sübutu kimi xalası oğlu Elnar Əsgərovun tapşırıqlarını sübuta yetirən kitabçalar təqdim edib.
Həmin kitabçalarda Elnar Əsgərovun gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd olunub. Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlər, Elnar Əsgərovun aldığı məbləğləri yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib. Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.
R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib. Təqsirləndirilən Hüseynov deyir ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Çünki qeyd edilən bütün işləri Elnar Əsgərov edib. Ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınması, onlara faizlər verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın “qara mühasibat”lığına nəzarət edib. Pullar bir neçə dəfə Rahib Hüseynov vasitəsilə alınıb. Maraqlıdır ki, Elnar şəxsən özünün aldığı pulları geri qaytarıb, amma Rahib Hüseynov vasitəsilə ona çatdırılan pulları ödəməkdən imtina edib. Bildirib ki, həmin pullar Rahib Hüseynov tərəfindən ələ keçirilib.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb. Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənarda qoymağa çalışmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?