Jurnalist Tatia Samxaradze Gürcüstanda məhkəmə tərəfindən cinsi təcavüz qurbanı kimi tanınan ilk qadındır. Hadisə 2016-cı ilin yazında başlayıb.Tatia Gürcüstanın məşhur telekanallarından birində işləyib və rəhbəri, tanınmış jurnalist Şalva Ramişvilini dəfələrlə təkrarlanan seksual qısnamalara görə təqsirləndirib.
"Mən cinsi təcavüzün "xidmət üçün xidmət" kimi formasının qurbanı oldum. Məndən karyera yüksəlişi üçün, daha doğrusu karyeramın bitməməsi üçün müəyyən növ seksual xidmət göstərməyə tələb edirdilər. Əlbəttə ki, mən işdən çıxdım", jurnalist bildirib.
Tatia Ramişvilini məhkəməyə verib və iki il sonra məhkəmə işini udub. Məhkəməni qazanmaqda onun Ramişvili ilə etdiyi danışıqların səsyazmaları kömək edib. Hakim onları jurnalistin doğruluğunun sübutu kimi tanıyıb. Ramişvili 2 min lari (təqribən 750$) cərimə olunub. O, qərarı apellyasiyaya versə də, yenidən işi uduzub.
Tatia Samxaradze məhkəmədə qalib olacağına inanmadığını söyləyib. Çünki, Gürcüstanda seksual qısnama və zorakılıq mövzusu qapalıdır.
"Mühafizəkar cəmiyyətimizlə qurban perspektivindən danışmaq çətindir. Qadınların əksəriyyəti susmağa üstünlük verirlər. Bu mövzunun cəmiyyət tərəfindən qəbulu mən düşündüyümdən də çətindir. Bir müddət mən hətta internetdə kiberbulinqin qurbanı oldum", Tatia deyib.
Gürcüstan parlamenti yazda seksual qısnama anlayışı yazılmış və izah edilmiş qanun maddəsini nəzərdən keçirməyi planlaşdırır. Gürcüstanın qeyri-hökümət sektoru artıq bu qanun layihəsi ilə tanış olub. Sənəd üzərində iş keçən il yerli hüquq müdafiəçilərinin parlamentə ərizə göndərdikdən sonra başlayıb.
Bu gün Gürcüstan məhkəmələrində bir neçə oxşar məhkəmə işləri var. Seksual təcavüz və qısnamaya məruz qalan qadınların lehinə qərar vermə prosesi Gürcüstan qanunvericiliyində cinsi təcavüz kimi bir anlayışın olmaması ilə çətinləşir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?