Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Gülnar Muradovanın növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub. Məhkəmə həmin şahid barəsində məcburi gətirilmə qərarı çıxarıb. Daha sonra A.Məmmədovun vəkili Elçin Sadıqov vəsatət verib. O, ekspert Bəxtiyar Əliyevin də əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib: "Ekspert rəyində anlaşılmayan bir çox ifadələr var". Hakim vəsatəti təmin edib. Növbəti iclasda ekspert B.Əliyev məhkəməyə dəvət olunacaq. Prosesdə hakim məhkəmə zalında olan jurnalistlərə və digər proses iştirakçılarına xəbərdarlıq edib. Hakim deyib ki, ötən məhkəmə iclasında iştirak edən iki zərərçəkmiş qadının fotosu çəkilərək sosial şəbəkələrdə və mətbuatda dərc edilib: "Məhkəmə zalında şəkil çəkmək olmaz, buna icazə verilmir. Məhkəmə sizə sonuncu xəbərdarlığı edir". Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib. Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.//Report.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?