2019-cu ildə buraxılış və qəbul imtahanının vaxtı açıqlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq, qurum bildirib.
Ali məktəblərə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.
İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart, ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.
DİM-in sözçüsü Xanlar Xanlarzadə BBC News Azərbaycancaya bildirib ki, mövzuların tədrisi prosesi aprel ayına qədər yekunlaşmış olur, ona görə də şagirdlər üçün məktəbi bitməmiş imtahan vermək çətin olmayacaq.
"Attestatda iki qrafa var, birinə şagirdin buraxılış imtahandan aldığı bal, digərinə il ərzində buraxılış sinfinin yekun (illik) qiyməti yazılır. O cümlədən, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti də attestata yazılacaq".
V ixtisas qrupuna hazırlaşan abituriyentlər üçün orta məktəblərdən buraxılış imtahanını vermək kifayətdir, DİM rəsmisi bildirib.
Onun sözlərinə görə, ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına gedənlər buraxılış imtahanının nəticələri əsasında müsabiqədə iştirak edəcəklər.
Əvvəlki illərin abituriyentləri üçün qəbul vaxtları
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir.
Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.
Yeni qəbul qaydaları
Bu ildən Azərbaycanda buraxılış və qəbul imtahanlarının nəticələri birləşdirilir.
Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?