Ötən həftəsonu Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü planlaşdırılırdı. Lakin tədbir zamanı bəlli oldu ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirmək üçün ayrıca görüş olmayacaq. Bunu Zoqrab Mnatsakanyan deyib.
“Biz ayrıca görüş planlaşdırmamışıq. Amma dəhlizdə görüşə bilərik, bizim nazir Məmmədyarovla görüşmək və salamlaşmaq kimi problemimiz yoxdur. Biz ayrıca görüş planlaşdırmamışıq, amma bu, o demək deyil ki, danışmağa mövzumuz yoxdur. İş davam edir” - Ermənistan XİN rəhbəri əlavə edib. Ancaq maraqlıdır ki, Mnatsakanyan bu açıqlamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra verib.
Bundan əvvəl Elmar Məmmədyarov jurnalistlərə bildirmişdi ki, Münhendə Ermənistan xarici işlər naziri ilə görüşü gözlənilir və bu görüşdə iki ölkə rəhbərləri arasında danışıqların razılaşdırılması məsələsi müzakirə oluna bilər. Ancaq indi məlum olur ki, erməni tərəfi intensiv sülh danışıqlarının davamında bir elə həvəsli deyil.
*****
Xatırladaq ki, XİN başçıları arasında indiyədək iki görüş olub - bu ilin yanvarında Milanda və keçən ilin dekabrda - Parisdə. Münhen görüşü ərəfəsi Elmar Məmmədyarov həmçinin işğalçı tərəfə çağırış edərək onu məsələdə konstruktiv mövqe tutmağa çağırmışdı. “Bakı 2019-cu ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasında irəliləyiş olacağına ümid edir”. Bu sözləri o, “The Korea Times”a verdiyi müsahibəsində söyləmişdi.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi bütün platformalarda ən yüksək səviyyədə ifadə olunub. Münaqişə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmalıdır”, - deyə nazir qeyd etmişdi.
Ermənistanda isə baş nazir Nikol Paşinyanın dilindən konstruktivliklə qətiyyən bir araya sığmayan bəyanat səslənmişdi. Məsələn, Paşinyan bildirmişdi ki, “İrəvan Bakı ilə sülh əvəzinə torpaqlar formulunu müzakirə edə bilməz”. Bu üzdən bir sıra siyasi təhlilçilər Münhendə hətta üçüncü bir görüşün baş tutacağı təqdirdə belə, ondan ciddi nəticə gözləmədiklərini bildirirdilər. Onların sözlərinə görə, hazırda konfliktin dəqiq nizamlanma formulu yoxdur.
*****
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Paşinyanın həmin bəyanatı konflikt ətrafındakı situasiya nöqteyi-nəzərdən çox önəmlidir: “Əgər əvvəllər ermənilərin tələbləri Dağlıq Qarabağa ”müstəqillik" verilməsi və ya onun Ermənistana birləşdirilməsi, üstəlik də Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhlizin ayrılmasından ibarət idisə, indi onların rəhbərliyi iştahlarının 3 dəfə artdığını gizlətmirlər. Belə ki, Dağlıq Qarabağın öz ərazisi 4.4 min kv km, bütün işğal olunmuş ərazilər isə 16 min kv km-dir. Və Paşinyanın bəyanatı faktiki, o deməkdir ki, Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi üzrə danışıqlarda iştirak eləmək niyyətində deyil".
Tofiq Zülfüqarovun sözlərinə görə, bu, erməni tərəfinin Azərbaycana qarşı ərazi iddiasının olması haqda rəsmi bəyanatdır. “Ermənilərin strategiyası əvvəllər də analoji olub. Ancaq bunu onlar hər halda gizli saxlayırdılar. İndi isə Nikol Paşinyan açıq bildirir ki, Ermənistanın Azərbaycana ərazi iddiası var və hesab edir ki, işğal altındakı ərazilər danışıqların predmeti ola bilməz”, - deyə sabiq diplomat qeyd edib.
Gözlənildiyi kimi, rəsmi Bakının bu bəyanata reaksiyası kifayət qədər sərt olub. Azərbaycan XİN-in yaydığı cavab bəyanatında düşmən ölkənin rəhbərliyi bir daha reallığın dərkinə çağırılıb, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü bəyan edilib.
“Mahiyyət etibarilə konfliktin xarakteri dəyişib. Artıq Dağlıq Qarabağ problemi adlanan bir problem yoxdur. İndi biz Azərbaycanın işğal olunmuş ərazilərini rəsmən ilhaqı cəhdinin şahidiyik - nə barədə ki, rəsmən bəyan edilir. Ona görə də Azərbaycanda Ermənistanın bizə sırıdığı reallıq nəzərə alınmaqla Qarabağ məsələsi ilə bağlı mövqeyin təzədən qiymətləndirilməsi lazımdır. Çünki bizim ölkəmizin mövqeyi Ermənistanda sərgilənən mövqedən ayrı formalaşa bilməz”, - deyə keçmiş XİN rəhbəri əminliklə bildirib və əlavə edib ki, bütün bu məsələlər Azərbaycanın daha geniş ictimaiyyətinin də müzakirə predmeti olmalı, növbəti addım kimi isə həmin məsələlər ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və BMT-də qaldırılmalıdır. Zülfüqarov onu da deyib ki, erməni tərəfinin bəyanatları Dağlıq Qarabağ konfliktinin hərbi yolla həllindən başqa yol saxlamır.
*****
Ermənistanın yeni rəhbərliyi isə belə görünür, bunun fərqində deyil. Fərqində deyil ki, əvvəlki hakimiyyətlər kimi onun status-kvonu, işğal rejimini uzatmaq, sülh danışıqlarını imitasiya eləmək limiti kiçikdir. Çünki konfliktin həlli üçün lazım olan qiymətli zamanın böyük hissəsi itirilib. Bu mənada indi də Paşinyan hökumətinin daha on il onu uzatmaq istəməsi mümkün olmayacaq.
Əlbəttə, müharibəni heç kim arzulamır. Ancaq əgər Ermənistanda Dağlıq Qarabağ ətrafındakı Azərbaycan torpaqları da “azad edilmiş ərazi” adlandırılaraq, bircə qarış torpağın geri qaytarılmayacağı ən yüksək səviyyədə bəyan edilirsə, o zaman bu ölkə ilə sülh danışıqları aparmağın anlamı qalmır. Demək, qalır işğalçı ilə onun özünün yaxşı anladığı hərb dilində danışmaq lazımdır.
Əksər ekspertlərə görə, uzağı 1-2 aya Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyi tam bəlli olacaq. Yəni Azərbaycanla onun sülh anlaşması əldə eləməsinin nə dərəcədə ciddi olduğu, yoxsa onun da sələfləri kimi vaxt udmaq istədiyi üzə çıxacaq. Konfliktin həllidə real dönüş isə ən çox Ermənistana və baş nazir Nikol Paşinyana lazımdır. Çünki yalnız o halda Azərbaycan və Türkiyə ilə sərhədlər açıla, erməni xalqına vəd edilən iqtisadi-siyasi islahatlar baş tuta bilər.
Hələ ki Paşinyanm öz imicindən “yeyir”. Qarşılığında isə öz xalqına real heç nə verə bilmir. İctimai reytinq, etimad isə sürüşkən anlayışdır - bu gün o, səndə yüksəkdirsə, sabah başqasında, hətta rəqibində yüksək ola bilər. Beləcə, Nikol Paşinyan istəsə də, istəməsə də ciddi bir seçimə doğru gedir. Həmin seçim təkcə onun və komandasının yox, bütövlükdə Ermənistanın taleyi üçün kritik olacaq...
Sorğu
Yeni dizaynımız necədir?