Bu gün Xocalı faciəsinin anım mərasimində müxalifətdə olan Müsavat Partiyasının tərəfdarlarının Bakının Xətai rayonundakı “Ana fəryadı” abidəsinin önünə gül dəstələri qoymasına imkan verilməyib. İnsident zamanı Müsavat Partiyasının Mətbuat Xidmətinin əməkdaşı Mehman Kamran xəsarət alıb, onu təcili tibbi yardım avtomobili hadisə yerindən xəstəxanaya aparıb.
Bu barədə Amerikanın Səsinə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
Hacılı bildirib ki, faciə qurbanlarının abidəsini ziyarət edənlərə qarşı bu hərəkətlər `hakimiyyət üçün utanc` olmalıdır.
“Bizə sadəcə Xocalı abidəsinə gül qoymağa imkan vermədilər. Bu abidənin açılşında hakimiyyəti mən təmsil etmişəm. Həm 20 Yanvarda, həm Xocalı faciəsi günü bizi abidə önünə gül qoymağa imkan vermirlər. Biz burada başqa aksiya keçirmirik. Biz anım mərasimi keçiririk,” o qeyd edib.
Müsavat başqanı hesab edir ki, iqtidar belə hərkətlərlə faciəni unutdurmağa çalışır.
“Azərbaycan xalqı hakmiyyətin bu tipli davranışlarına baxmayaraq Xocalı faciəsini unutmayacaq. Xalqımız Xocalıdakı faciəni heç zaman unutmayacaq. Hökumət xalqı bölməyə, ayırmağa çalışsa da Azərbaycan xalqı birləşərək demokratik dövlət yaradacaq və Xocalı faciəsini törədənləri cəzalandıracaq,” Müsavat başqanı qeyd edib.
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər baş verənləri `biabırçılıq` adlandırıb.
“Xocalı faciəsi günü hakimiyyətin belə biabırçı işlər görməsi, onların xalqla birgə olmamasını göstərir,” İsa Qəmbər qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?