Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsi mayın 3-də REAL Partiyasının Milli Məclisə 40 min seçicinin imzası əsasında qanunvericilik təşəbbüsü ilə təqdim etiyi qanun layihələrinin parılamentin plenar iclasının müzakirəsinə təqdim edilməməsi barədə qərar qəbul edib.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, komitənin iclasında iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev bildirib ki, təqdim edilən 41500 vətəndaşın imzası nəzərdən keriçilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.
Bununla da parlament komitəsi Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinin prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmaması barədə qərar qəbul edib.
REAL Partiyasının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, imzalar qanunvericliyə uyğun olaraq toplanılıb.
“Milli Məclis qanunvericilik təşəbbüsü ilə çıxış edən seçicilərin imzalarının yoxlanılması proseduru barədə hələ qərar qəbul etməyib. Ona görə də imzaların hansı əsaslarla yoxlanılması bizə məlum deyil. Milli Məclis REAL Partiyasına rəsmi cavab verdikdən sonra siyasi və hüquqi adımlar atacağıq,” o qeyd edib.
Respublikaçı Alternativ (REAL) Partiyası bu il martın 5-də seçkili paytaxt meri institutunun tətbiq edilməsini, dövlət universitetlərinin tələbələrinin təhsil haqqından azad edilməsini və əhalinin kredit borcları probleminin həllini nəzərdə tutan qanun layihələrini Milli Məclisə təqdim edib. Bu qanunvericilik təşəbbüsü, konstitusiyada təsbit olunduğu kimi, 40 min seçici imzası ilə dəstəklənib.
Xatırladaq ki, əhalinin problemli kredit borclarının həlli ilə bağlı hökumət artıq qərar qəbul edib.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunvericilik təşəbbüsü qaydasında seçki hüququ olan 40 min vətəndaşın Milli Məclisə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?