“2017-ci ilin noyabr ayının 1-dən indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları nə məktub, nə video, nə də ki, şəkil bizə gətirib göstərməyiblər”.
GundemXeber.Az bildirir ki, bu sözləri Lent.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, keçən uzun müddət ərzində ailəyə ancaq şifahi məlumatlar verilib:
“Şifahi məlumat da ancaq atamın səhhətinin yaxşı olması ilə bağlı olub. Bundan başqa mütəmadi olaraq atam Dilqəm Əsgərov və Şahbaz Quliyevin Avropa İnsan Haqqları Məhkəməsində hüquqlarını müdafiə edən vəkil Anar Bağırovla əlaqə saxlayıram. Ona da bildirirəm ki, atamdan xəbərsizəm.
Qeyd edim ki, Avropa İnsan Haqqları Məhkəməsinə ümidlərim böyükdür. İnşallah ki, yaxın zamanlarda ədalətli qərar çıxarılar və atam vətəninə geri dönər”.
Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə Lent.az-a qeyd edib ki, 1 ay əvvəl qardaşı ilə bağlı videoya baxıb:
“Mediada qardaşımın səhhətinin ağır olması bildirilirdi. Bəzi jurnalistlərə mən başqa sözlər deyirdim, ancaq başqa şeylər yazırdılar. Qardaşımla bağlı videoya baxanda gördüm və əmin oldum ki, vəziyyəti yaxşıdır. Ondan sonra isə bizə Şahbazla bağlı məlumat verilməyib”.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş.Quliyev üzərində isə qanunsuz “məhkəmə” qurulub, D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?